Bayraqdar.info – Son zamanlar Azərbaycanın müxtəlif bölgələrində kurqanların tədqiq edilməsi nəticəsində tapılan maraqlı, qədim maddi-mədəniyyət nümunələrinin tapılması ilə bağlı xəbərlərə çox rast gəlirik. Bu tapıntılar nəinki ölkədə, bir çox hallarda ölkədən kənarda da ciddi rezonans doğurur və turistlərin də böyük marağına səbəb olur.
Bəzən kurqanlarla qədim yaşayış məskənləri, abidələri qarışdırılır və onların fərqi düzgün ayırd edilmir. Bu qarışıqlıq aydın olsun deyə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımovdan kurqanlar haqqında soruşduq.
Bayraqdar.info-ya açıqlama verən alim bildirdi ki, “kurqanlar elmi ədəbiyyatda qəbir abidələrinin (torpaq qəbirlər, daş qutu qəbirlər, sərdabələr, məstabələr və s.) bir tipini göstərən termin kimi qeyd edilib. Elmi ədəbiyyatda “kurqan” məfhumu altında üzərində süni təpə ucaldılmış fərdi, bəzi hallarda isə kollektiv dəfnlər ehtiva edilir.
“Kurqanın örtüyü (süni təpə) sırf torpaqdan, daşlardan və ya qarışıq şəkildə təbii materiallardan da ucaldılırdı. Dilçilikdə, arxeologiya və tarix elmində “kurqan” termininin əsasən türk dillərində bu tip qəbirləri ehtiva edən sözdən törəndiyi barədə fikir qəbul edilib. Müasir dövrdə “kurqan” termininə paralel olaraq “tumulus” (latın dilində “təpə”, cəm halda “tumuli”), “burial mound” (ing. “dəfn təpəsi”) və s. terminlər də işlədilir. Elmi ədəbiyyatda bəzi hallarda “kurqan” termini altında həm bütövlükdə, yəni dəfn ilə birgə təpə ehtiva edilir, bəzi hallarda isə, “kurqan” kimi yalnız dəfnin üzərində süni təpə nəzərdə tutulur, – deyə alim cavab verdi.
Daha sonra o bildirdi ki, kurqanın örtüyü altında dəfn konstruksiyalarının müxtəlif variasiyalarına rast gəlinir. Dəfn konstruksiyaları (qəbir kameraları) müxtəlif ölçüdə torpaq qəbirlərdən, o cümlədən, divarları çiy kərpicdən, ağac gövdələrindən qurulan torpaq qəbirlərdən, həmçinin, daş qutu qəbirlərdən, katakomb, çapma dəfnlərdən ibarət ola bilər. Həmçinin, qəbir kamerasının üzəri ağac tirlərlə örtülmüş kurqanlar da qeyd olunub. Kurqanların ölçüləri, dəfn edilənin sosial, siyasi, hərbi-inzibati statusundan, həmçinin, kurqanı ucaltmış qədim populyasiyanın adət və ənənələrindən asılı olurdu. Kenotaf (ölmüş insanın meyitinin yerləşdirilmədiyi) kurqanlara da rast gəlinir.
Arxeoloji tədqiqatlar nəticəsində ən erkən kurqanların Qafqazda eneolit (xalkolit, e.ə. VI-IV minilliklər) dövrünə aid edildiyini qeyd edən P.Qasımov Azərbaycanda bu dövrün kurqanlarının Ağstafa rayonunda daha yaxşı tədqiq edildiyini deyir.
“Bu, Soyuqbulaq kəndi ərazisində olan kurqan çölüdür. ABŞ arxeoloqu F.Kohl və rusiyalı arxeoloq V.Trifonovun birgə rəyinə görə, Cənubi Qafqazın xalkolit dövrü kurqanları Şimali Avrasiyada ən erkən kurqanlar kimi dəyərləndirilib.
Arxeoloji ədəbiyyatda kurqanların qədim tayfaların ərazi-mülkiyyət, coğrafi koordinat göstəricisi kimi dəyərləndirilməsi barədə fikirlər mövcuddur. Tarixi etnoqrafiyaya görə, kurqanların cəmləşdiyi ərazilər həmin ərazilərdə yaşamış tayfa və xalqlar tərəfindən sakrallaşdırılıb”, -deyə alim davam edir.
P.Qasımovun bildirdiynə görə, kurqanaltı dəfn ənənəsinin ən geniş yayılması tunc və ilk dəmir dövrünə (e.ə. III–I minilliyin əvvəlləri) düşür. Bu dövrün kurqanları Naxçıvanda, Qərbi Zəngəzurda, Kiçik Qafqaz sıra dağları və ətəkləri boyunca, Şəki-Zaqatala zonasında, Dağlıq və Aran Qarabağda, Mil-Muğan düzündə, Xəzər dənizinin qərb sahilləri boyunca və ümumiyyətlə, Azərbaycan Respublikasının sərhədləri daxilindəki əksər ərazilərdə qeyd edilib.
Azərbaycanda tədqiq edilmiş tunc dövrü kurqanlarından tapılmış zəngin artefaktlar bir çox tarixi məsələlərin rekonstruksiyasını mümkün edir, Azərbaycanda həmin dövrdə yaşamış tayfaların dünyanın digər regionları ilə müxtəlif çeşidli əlaqələrini göstərir.
Alimin dediyinə görə, kurqan tipli qəbir abidələrini ucaltmaq ənənəsi e.ə. I minillikdən eramızın I minilliyi də daxil olmaqla böyük bir zaman kəsiyində də davam edib. Ümumiyyətlə, bu dövr üçün kurqan dəfn ənənəsi bütün Avrasiya məkanında qeyd olunur. Bu dövrdəki kurqanaltı dəfnlər əsasən köçəri həyat tərzi sürən maldar tayfalara məxsus olub. Alimlər tərəfindən kimmer, iskit, sarmat, hun, həmçinin, eramızın I minilliyinə aid xəzər, qıpçaq və d. türk tayfalarının kurqanları təsnif edilib.
“Qeyd etmək lazımdır ki, bir çox kurqanlar hələ qədim dövrlərdə, müxtəlif səbəblərdən, həmçinin, müasir tədqiqatçılara naməlum adətlərə görə də talan edilib. Digər tərəfdən, qədim dövrlərdə kurqanları talandan qorumaq üçün qədim tayfalar tərəfindən “aldadıcı, saxta” kurqanlar da yaradılırdı ki, onlar öz görkəminə görə, əsl kurqanlardan fərqlənmirdi. Buna görə də, kurqanların, xüsusilə “çar kurqanları” kimi iriölçülü abidələrin, müasir xüsusi avadanlıqlar olmadan tədqiqi mümkün vaxt və vəsait itkisi baxımından risklidir”, – deyə P.Qasımov qeyd edir.
Alim daha sonra qeyd edir: “Yuxarıdakıları nəzərə alaraq, elm dünyasında elmi məlumat almaq üçün insanların təsərrüfat və d. işləri zamanı zədələnmə və ya tam dağılma təhlükəsi qarşısında olan kurqanlar tədqiq edilir.
“Hal-hazırda elmi-texniki tərəqqi ilə əlaqədar olaraq kurqanların örtüyünün və kurqanaltı dəfnlərin xüsusi skaner cihazları ilə (məsələn, georadar (ground-penetrating radar/GPR), arxeoloji maqnitometer və s.) tədqiqi imkanları yaranıb ki, onların vasitəsilə tədqiqata başlamaq üçün kurqanın orijinallığı və talan edilmədiyi müəyyən edilir.
“Son dövrlərdə Avropa ölkələrində kurqanların müdaxilə olmadan, yəni skaner cihazları ilə tədqiqi daha geniş yayılıb. Yalnız xüsusi elmi konsiliumdan sonra örtüyündə və dəfn kamerasında artefakların və ekofaktların əldə edilməsi üçün arxeoloji qazıntılar barədə qərar verilir.
“Bəzi kurqanlar qazıldıqdan sonra onların qəbir kameraları və kameraları əhatə edən kromlexlər (dairəvi daş düzümü) turist və ziyarətçilərin diqqətinə çatdırılmaq üçün saxlanılır (Tovuz rayonundakı Topdağdağan kurqan qrupunun 9 və 10 saylı kurqanları kimi). Həmçinin, digər təcrübəyə görə, əgər kurqanın kamerasında zəngin və qiymətli tapıntılar aşkar edilirsə, onlar açıq havada muzeyləşdirilir. Məsələn, Qazaxıstanda Pazırık və iskit mədəniyyətinə aid tədqiq edilmiş bəzi kurqanlarda qəbir kamerasında tapıntıların replikaları yerləşdirilir, kameranın üzəri şəffaf örtüklə bağlanır, kurqanın/kurqanların yanında müşayiətedici informasiyanın olduğu mini-muzeylər yaradılır.
“Beləliklə, yuxarıda göstərilmiş faktlardan irəli gələrək bildirməliyik ki, kurqanların hamısının qazıntıya cəlb edilməsi deyil, onların qeydə alınması və gələcək elmi tədqiqi üçün qorunmasını təmin etmək – bu, günün əsas vəzifəsidir”.