Bayraqdar.info – Avqustun 5-6-da Türkmənistanda Orta Asiya dövlət başçılarının məsləhətləşmələri keçiriləcək.
Bu haqda xəbəri avqustun 4-də bayraqdar.info-ya tədbirdə iştirak edəcək Qırğızıstan Prezidenti Administrasiyasından veriblər.
Xəbərdə deyilir ki, Qırğızıstan Prezidenti Sadır Caparov da məsləhətləşmələrdə iştirak edəcək.
Dövlət başçıları görüşdə Orta Asiya bölgəsində qarşılıqlı münasibətləri müzakirə edəcəklər. Eyni zamanda iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, həmçinin koronavirusla mübarizə məsələləri müzakirə mövzusu olacaq.
Sonda Orta Asiya dövlət başçılarının ortaq bəyanatının qəbul edilməsi də nəzərdə tutulur.
İkitərəfli görüşlərin də keçiriləcəyi məsləhətləşmələr başqa maraqlı tədbirlərlə də müşayiət ediləcək.
Bildirilir ki, nümayəndə heyətləri iştirakçı dövlətlərin iqtisadi forumunda da iştirak edəcək. Eyni zamanda bölgə ölkələrinin lider qadınları üçün forum keçiriləcək. Milli istehsal və Orta Asiya milli mətbəxinə aid sərgilər də qeyd olunan günlərdə təşkil ediləcək.