Press "Enter" to skip to content

“Marş İrəli – 3” layihəsi uğurla başa çatıb

Bayraqdar.info – “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Marş İrəli” layihəsinin 3-cü mövsümü uğurla başa çatıb.

Bu barədə bayraqdar.info-ya avqustun 4-də “İrəli” İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, layihə 2021-ci il üzrə “Gənclər Paytaxtı” seçilmiş Göygöl rayonunda baş tutub. 27 iyul – 2 avqust tarixlərində həyata keçirilən düşərgədə gender balansı saxlanılmaqla ilkin müraciət və müsahibə mərhələlərindən uğurla keçmiş 100-ə yaxın gənc iştirak edib.

Layihənin ilk günündə gənclər Göygöl rayon Şəhidlər Xiyabanında Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət ediblər. Daha sonra layihənin açılış mərasimi keçirilib. Tədbirdə silsilə layihə haqqında geniş məlumat verilib.

Ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərinə qoşulan gənclər düşərgə müddətində müxtəlif mövzularda təlim sessiyalarında iştirak ediblər. Həmçinin, layihə iştirakçılarına müharibə cinayətlərinə dair məlumatlandırıcı seminarlar da həyata keçirilib.

Bununla yanaşı, layihədə atıcılıq, tibbi estafet yarışları da keçirilib, hərbi mövzuda “Nə? Harada? Nə zaman?”, “Axtar, tap!”, maneəli qaçış, bıçaqatma, ipdartma və s. oyunlarında komandalar birincilik uğrunda mübarizə aparıblar. Gənclərin fəaliyyəti həmçinin, müxtəlif mövzularda komanda təqdimatları, yürüş və ekskursiyalar ilə davam edib.

Qeyd edək ki, hazırki dövrədək “İrəli” İctimai Birliyi “Marş İrəli” layihəsinin iki mövsümünü uğurla həyata keçirib. Layihənin ilk mövsümü Ağdam, ikinci mövsümü isə Goranboy rayonunda baş tutub. Silsilə layihədə ümumilikdə 400-ə yaxın gənc iştirak edib.

Layihə ərzində keçirilən yarışlarda qalib olmuş komandalar müəyyənləşdirilərək fəxri fərman, diplom və digər müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Mission News Theme by Compete Themes.