Bayraqdar.info – “Bu il növbəti dəfə keçiriləcək 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı yerli və əcnəbi rejissorlar üçün film qəbulunu açıq elan edir. 12-16 noyabr tarixlərində Bakıda reallaşacaq festivala filmlərin qəbulu avqustun 25-nə kimi davam edəcək.”
Bu xəbər bayraqdar.info-ya Qısa Filmlər Festivalının təşkilat komitəsindən verilib.
Xəbərdə bildirilir ki, yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivalın beynəlxalq, yerli və “Cinemobil” bölmələrinə təqdim edə bilərlər.
“Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə festivalın əsas mükafatı “Qızıl Nar” və pul hədiyyəsi təqdim ediləcək. Festivalın yerli müsabiqəsinin ümumi mükafat fondu 5 min manat təşkil edir”, – deyə xəbərdə qeyd edilir.
Təşkilat Komitəsindən bildirilib ki, Festivala göndərilən filmlər Seçim Komissiyası tərəfindən seçilərək müsabiqəyə daxil ediləcək. Kinoforumun rəsmi proqramı noyabrın 1-də açıqlanacaq.
TK qeyd edir ki, Bakı BQFF-ya hər il dünyanın müxtəlif ölkələrindən 2 mindən çox film göndərilir. Onların arasında Kann, Venesiya, Berlin film festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlər də yer alır.
Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.
Bakı BQFF Azərbaycanda kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.
Hər il auditoriyasını genişləndirməyi hədəfləyən festival gənc kinematoqrafçıları bir araya gətirən ən böyük yerli kino hadisəsidir.
2004-cü ildə təsis edilən “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
Festivalın dəstəkçiləri sırasında “Nizami” Kino Mərkəzi, “Azərbaycanfilm” Kinostudiyası, “ÖZ FİLM2” şirkəti yer alır.