Bayraqdar.info – “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin üçüncü həftəsi başlayıb.
Bu barədə bayraqdar.info-ya avqustun 3-də “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, ilkin olaraq açılış mərasimi, komanda ilə tanışlıq təşkil olunub. Sonra art terapiya təlimi həyata keçirilib.
İlk gündə iştirakçılar üçün əyləncə və musiqili şou proqram da reallaşdırılıb.
Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər və s. maraqlı proqramların keçirilməsi nəzərdə tutulub.
Düşərgənin üçüncü həftəsi də şəhidlərimizin 8-11 yaş kateqoriyasında olan övladlarını əhatə edir.
Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilir.
Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək. O cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək. Həmin uşaqlar Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.
Xatırladaq ki, 2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcək.
Düşərgənin media dəstəkçiləri Az.TV, İTV və ASAN Radiodur.