Bayraqdar.info – Güney Azərbaycanlı fəallar meşə yanğınlarından əziyyət çəkən Türkiyəyə dəstək nümayiş etdirib.
Güney Azərbaycanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız sosial şəbəkələrdə aksiya keçirib, türk xalqına mənəvi dəstəyini ifadə edib.
Urmu şəhərində bir sıra azərbaycanlılar müxtəlif şüar və plakatlar, mesajlar yayaraq Türkiyəyə həmrəylik ifadə edib, bu olaydan üzüldüklərini bildiriblər.
Plakatlarda “Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar. Başın sağ olsun, Türkiyə” məzmunlu şüarlar yazılıb.
Fəallar bununla Güney Azərbaycan və Türkiyə xalqlarının sevinc və acısının birgə olduğunu dilə gətiriblər.
Bundan öncə də müxtəlif olaylarla bağlı Türkiyə türkləri və Güney Azərbaycanlılar bəyanat yayıb, aksiyalar keçirib, bir-birinə dəstək ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasından da yanğınla əlaqədar qardaş Türkiyəyə yardımlar edilib.
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin 500 nəfər əməkdaşı Türkiyəyə yollanıb.
Qaynaq: GünAz.TV