Press "Enter" to skip to content

Biz yerimizdə sayırıq, sağ ol, Gürcüstan

Son yeniləmə: 3 Avqust 2021 09:01

Bayraqdar.info – Gürcüstan parlamenti ölkə vətəndaşı olan azərbaycanlı kəsimin soyadlarını milliləşdirə bilməsi üçün təşəbbüsü dəstəkləyir.

Bu haqda xəbəri Gürcüstan parlamentinin mətbuat xidmətinə istinadla 24news.ge saytı yayıb.

Xəbərdə deyilir ki, Gürcüstan parlamentinin Prosessual Məsələlər və Qaydalar Komitəsi azərbaycanlıların rus mirası olan -ov / -yev və digər soyad sonluqlarını milliləşdirməsi ilə bağlı müraciətini qəbul edib.

O da qeyd edilir ki, “məsələ ilə bağlı müvafiq qanunvericilik təklifi hazırlanacaq və layihə ən azı 25 min seçicinin təşəbbüsü və imzası ilə parlamentə təqdim olunacaq”.

Sayt xatırladır ki, sözügedən təşəbbüsü “Salam Platforması” təqdim edib. Bu təşəbbüs gerçəkləşəcəyi təqdirdə vətəndaşa soyadındakı qeyri-səciyyəvi / qeyri-ənənəvi şəkilçiləri (-ov / -yev və ya digər) soyadından çıxarmaq və ənənəvi orijinal şəkilçilərlə əvəz etmək hüququ veriləcək.

Göründüyü kimi, yarım milyona yaxın soydaşımızın aborigen xalq olaraq yaşadığı qonşu Gürcüstan bizimkilərin soyadlarındakı rus mirasından qurtulması üçün hərəkətə keçib. Lakin çox təəssüflər olsun ki, Azərbaycan Respublikası bu prosesə 1992-ci ildə başlasa da bu günə qədər ciddi irəliləyiş yoxdur.

Bu gün Azərbaycan parlamentinin üzvlərinin əksəriyyətinin soyadı rus sonluğuyla bitir. Hətta onların arasında özünə milliyyətçi deyənlərin belə soyadları ruscadır.

Eyni zamanda nazirlərin, ayrı-ayrı yüksək vəzifə sahiblərinin də soyadları rusca qalmaqda davam edir. Hətta milliyyətçi kəsimdən olanların əksəriyyəti də soyadını milliləşdirməyi zəruri saymır…

Bütün bunlar bir yana, məktəblərdə oxuyan balaca tifillərimiz də rus soyad sonluğu daşıyır. Bu isə böyük faciədir. Milli faciə. Belə anlaşılır ki, insanlarımızın milli özünüdərki hələ də yetərincə deyil.

Belə bir durumda yenə də ulu öndər Heydər Əliyevin qətiyyətinə gərək var. Necə ki, o, sağlığında latın əlifbasına tam keçidi bir Fərmanla həll etdi, bu gün də Prezident İlham Əliyevin eyni qətiyyətlə soyad məsələsini bir Fərmanla həll etməsi tək çıxış yolu kimi görünür.

Əgər nəzərə alsaq ki, İ.Əliyev H.Əliyevin sözün həqiqi mənasında layiqli varisidir, onun bu soyad məsələsini belə qətiyyətlə həll edəcəyi də mümkün görünür. Ən azından ona görə ki, İ.Əliyev 30 ilə yaxındır çözümü düyünə düşmüş Qarabağ məsələsini 44 günlük savaşla çözümə qovuşdurmaqla belə işləri bacaracağını növbəti dəfə sübut edib.

Mission News Theme by Compete Themes.