Bayraqdar.info – “Ölkəmizdə 2025-ci ilədək 17 DOST Mərkəzinin yaradılması nəzərdə tutulub.”
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yaradılacaq DOST mərkəzlərinin filiallarının qurulmasına dair layihələrin təqdimatı tədbirində bildirib.
Nazir hazırda Gəncə, Sumqayıt şəhərlərində, Bərdə, Quba, Masallı, Şəki, Sabirabad rayonlarında DOST Mərkəzlərinin açılması üçün layihələndirmə və tikinti-quraşdırma işlərinin aparıldığını qeyd edib.
Nazirlikdən bayraqdar.info-ya avqustun 3-də verilən məlumata görə, tədbirdə bildirilib ki, regional DOST mərkəzlərilə bərabər, ətraf şəhər və rayonlarda onların filalları yaradılcaq: “Beləliklə, 17 DOST Mərkəzi üzrə onların 47 filialı da yaradılacaq”.
Nazir deyib ki, hazırda 5 DOST Mərkəzi vasitəsilə Bakı əhalisinin 80 faizi və Abşeron rayonunun əhalisi tam olaraq DOST konsepsiyası üzrə xidmətlərlə (11 istiqamət üzrə 152 xidmət) əhatə olunur: “Növbəti mərhələdə geniş spektrdə DOST mərkəzləri şəbəkəsinin qurulması təmin olunacaq. 2023-cü ilin sonuna qədər daha 8 mərkəzin açılması, yəni DOST mərkəzlərinin sayının 13-ə çatdırılması nəzərdə tutulub”.
S.Babayev eyni zamanda, Naxçıvan MR-də və işğaldan azad edilmiş ərazilərimizdə DOST Mərkəzləri və filiallarının qurulacağını deyib. O, vurğulayıb ki, əsas hədəflərdən biri də şəbəkə genişləndikcə keyfiyyətin də artırılması, xidmətlərin dairəsinin genişləndirilməsidir. Bu sahədə aparılan işlərin nəticəsi kimi, son iki ildə DOST xidmətlərinin sayı 30 faizə yaxın artıb.
Bu il Virtual DOST aplikasiyasının da istifadəyə veriləcəyini deyən nazir nəticədə internet bağlantısı olan istənilən yerdən hər kəsə DOST xidmətlərindən faydalanmaq imkanı yaradılacağını bildirib.
S.Babayev ümumilikdə, DOST mərkəzləri ilə bağlı planların geniş olduğunu qeyd edib. Nazir DOST mexanizmi çərçivəsində əmək münasibətləri üzrə mediasiya xidmətlərinin göstərilməsinin, sosial-psixoloji dəstək xidmətlərinin (həm Çağrı mərkəzi vasitəsilə, həm əyani şəkildə) dairəsinin genişləndirilməsinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Tədbirdə Gəncə, Sumqayıt şəhərlərində, Bərdə, Quba, Masallı, Şəki, Sabirabad rayonlarında açılacaq DOST Mərkəzlərinin və ətraf rayonlarda filiallarının yaradılması layihələrinə dair təqdimat olub, müzakirələr aparılıb.