Press "Enter" to skip to content

Nazirlik “Ayın fermeri”ni seçəcək

Bayraqdar.info – Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında növbəti müsabiqə elan edilib. Müsabiqənin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Kənd Təsərrüfatı Nazirliyindən avqustun 2-də bayraqdar.info-ya verilən xəbərə görə, müsabiqədə “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

Müsabiqənin başlanması haqqında elan KTN-nin internet saytında dərc edilir. Ərizə qəbulu prosesi elanın verildiyi tarixdən etibarən başlanır və 5 iş günü ərzində davam edəcək.

Fermerlər ərizələri Dövlət Aqrar İnkişaf Mərkəzlərinə təqdim etməli və ya EKTİS-ə daxil olaraq müsabiqədə iştirakla bağlı elektron qaydada qeydiyyatdan keçməlidir. Müsabiqə ilə bağlı yaradılan işçi qrupları fermerlərin təsərrüfat fəaliyyətlərinin yerlərdə monitorinqini keçirəcək.

“İştirakçıların fəaliyyəti müasir texnologiyaların tətbiqi, qeyri-ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, aqrar sektora xarici investisiyaların cəlb olunması, fermerin öz təsərrüfatını aqroturizmə açıq elan etməsi və digər meyarlar əsasında qiymətləndiriləcək.

“Müsabiqə iki mərhələdə həyata keçiriləcək. Hər iki mərhələ üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndiriləcək. Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində yüksək bal toplamış iştirakçı qalib elan ediləcək. Qalib fermer mükafatlandırılacaq və sertifikatla təltif olunacaq. Eyni zamanda, qalib fermerə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən və təsərrüfat fəaliyyətinə uyğun olan layihələrdə iştirak etmək imkanı yaradılacaq”, – deyə Nazirlik bildirir.

Həmçinin, o da qeyd edilir k, müsabiqənin gedişatı və nəticələri mütəmadi olaraq KTN-nın internet saytında və mediada dərc olunacaq.

Mission News Theme by Compete Themes.