Bayraqdar.info – Məlum olduğu kimi bir neçə gündür Türkiyənin bölgələrində meşə yanğınları tüğyan edir. Yanğınlar yaşayış yerlərini, kənd və qəsəbələri də cənginə alıb. Azərbaycan da daxil olmaqla atrıq bir neçə dövlət qardaş Türkiyəyə yanğınlarla mübarizə ilə bağlı yardım göndərib.
Eyni zamanda Azərbaycan Prezidentinin tapşırığına əsasən yola salınmış Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyəyə çatıb. Qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir.
Qeyd edək ki, Azərbaycanın bu yardımı qardaş ölkədə istər rəsmilər, istərsə də sadə insanlar tərəfindən sevinclə qarşılanıb. Öz növbəsində Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç bu addımı bayraqdar.info üçün dəyərləndirib.
Keçmiş səfir deyib ki, yanğınların başlamasından dərhal sonra Türkiyəyə yardım göndərən ilk dövlət qardaş Azərbaycan oldu: “Qardaş Azərbaycan hər zaman olduğu kimi bu dəfə də ilk yardımımıza gələn ölkə oldu. 2011-ci ilin oktyabr ayında Vandakı güclü zəlzələ zamanı mən Azərbaycanda səfir idim. O vaxt da Azərbaycan yenə bütün dövlətlərdən öncə Türkiyəyə yardım göndərdi. Keçən il İzmirdə baş verən zəlzələ zamanı da Azərbaycan ilk olaraq bizə yardım göndərdi”.
H.Kılıç İkinci Qarabağ müharibəsinin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını deyib: “Bu müharibə zamanı xalqlarımız bir-birini daha dərindən tanıdı. Bu savaşdan sonra yanğınların baş verməsi Azərbaycan xalqı tərəfindən təəssüflə qarşılandı. Türkiyədə xalq hansı duyğular yaşayırsa, Azərbaycan xalqı da eyni duyğuları yaşayır hazırda. Başda cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan dövləti də ik gündən Türkiyə ilə həmrəylik nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev ilk gündən etibarən Cümhurbaşqanımız sayın Recep Tayyip Erdoğana başsağlığı verdi. O cümlədən Azərbaycan xalqının bütün nümayəndələri dəstək və yardım mesajları verdilər. Ötən axşam Xəzər TV-də aparıcının söylədiyi “Türkiyə bizim evimiz, Türkiyə bizim Vətənimiz. Siz üzülürsünüzsə biz də üzülürük” fikirləri Türkiyədə dərin iz buraxdı. Azərbaycandan yardıma gələnlər ilk andan yanğının söndürülməsi üçün həyatlarını, necə deyərlər oda atıblar. Bir çox yerdə yanğınları söndürüblər”.
H.Kılıç deyib ki, xalqlarımızın bu qədər yaxın olması çox önəmlidir: “Həm İkinci Qarabağ savaşı, həm də hazırda Türkiyədə baş verən yanğınlar bir şeyi də ortaya qoydu. Lazım olanda bir millət, bir dövlət kimi addım atmağı bacarırıq. Bu günlər biz görürük ki, Türkiyədəki acılar Azərbaycanda da hiss edilir. Qardaşlarımızın bu həssaslığı bizi sevindirir. Mən bu günlərdə bizimlə həmrəylik nümayiş etdirdikləri üçün başda cənab Prezident İlham Əliyev olmaqla hər kəsə, can Azərbaycana təşəkkür edirəm. Dolayısıyla, gücümüz birliyimizdə, birliyimiz də gücümüzdədir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Nə mutlu Türküm deyənə!”