Press "Enter" to skip to content

Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvi üçün müsbət rəy

Son yeniləmə: 2 Avqust 2021 17:45

Bayraqdar.info – Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bayraqdarinfo-ya verilən məlumata görə, avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

İclasda Komissiya sədri Eldar İbrahimov bildirib ki, gündəliyə 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə MM-in deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ daxildir.

E.İbrahimov diqqətə çatdırıb ki, Baş prokuror Kamran Əliyev MM sədri Sahibə Qafarovaya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi üçün təqdimat göndərib. MM-in Daxili Nizamnaməsinə əsasən təqdimata İntizam Komissiyasında baxılmalıdır.

İclasda bildirilib ki, MM-in deputatı E.Səlimovla bağlı material Baş Prokurorluqda araşdırılıb və Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. Konstitusiyaya əsasən, deputatın şəxsiyyəti toxunulmazdır. Ona görə də E.Səlimovun toxunulmazlığına xitam verilməsi zərurəti yaranıb.

Məlumatda bildirilir ki, iclasda çıxış edən deputat E.Səlimov hadisə üzrə təqsirli olduğunu və peşmançılıq hissi keçirdiyini bildirib.

İclasda İntizam Komissiyasının üzvləri Fəzail Ağamalı, Hikmət Məmmədov, Nizami Səfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Madər Musayev və Komissiyanın katibi Nurlan Həsənovun fikirləri dinlənilib. Sonra E.Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ parlamentin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Bununla da MM-in İntizam Komissiyasının avqustun 2-də keçirilən iclası başa çatıb.

Avqustun 3-də MM-in Növbədənkənar iclasında məsələnin müzakirəsi davam edəcək.

Əlavə edək ki, son bir neçə gündə gündəmi məşğul edən bu məsələyə səbəb E.Səlimovun Xaçmaz rayonunda polis əməkdaşına zor tətbiq etməsindən qaynaqlanır. Gələn xəbərlərə görə, deputat onu intizama dəvət edən polisə qarşı güc işlədib. Bu isə ictimai rəydə haqlı narazılıq yaradıb.

Bu arada Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatı E.Səlimovun partiya üzvlüyündən azad edilməsi haqqında xəbər də yayıb.

Mission News Theme by Compete Themes.