Press "Enter" to skip to content

Baş Prokurorluq və DİN-dən saxta vaksinasiya ilə bağlı xəbərdarlıq

Bayraqdar.info – Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə daxil olan məlumata görə, bəzi tibb müəssisələrində vaksin olunmayan vətəndaşlara guya vaksn olunduqlarını əks etdirən COVID-19 pasportu satılıb.

“Daxil olmuş məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən e-TƏBİB elektron qeydiyyat sisteminə yerləşdirilməsi faktı aşkar edilib. Bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVID-19 pasportu ilə təmin edilmələri məlum olub”, – deyə birgə açıqlamada bildirilir.

Açıqlamaya görə, həyata keçirilən əməliyyat zamanı müəyyən olunub ki, bir qrup tibb işçisi əlbir olaraq vətəndaşlardan 150 manat məbləğində pul alıb onlara vaksinasiyadan keçmədən peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.

Onlar Sabunçudakı 11 saylı Poliklinikanın qeydiyyatçısı Nəzrin Məmmədova, həmin tibb müəssisəsinin və eləcə də Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri Gülnarə Mədətzadə və Vaqif Mirzəyevdir. Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda e-TƏBİB elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri də məlum olub.

“Analoji hal Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Kürdəxanı Sağlamlıq Mərkəzində də aşkar edilib. Müəyyən olunub ki, həmin mərkəzin həkimi Ayaz Kərimov qeyd edilən müəssisədə tibb bacısı işləyən Kəmalə Əliyeva ilə birlikdə pul müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarını özundə əks etdirən saxta məlumatları e-TƏBİB elektron qeydiyyat sisteminə daxil ediblər. Bununla da, Ayaz Kərimov və Kəmalə Əliyeva tərəfindən pul aldıqları vətəndaşlara peyvənd olunmadan onlara vaksin vurulduğu barədə saxta sənəd təqdim olunub”, – deyə açıqlamada qeyd edilir.

Qeyd edilən hər iki faktla bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluq və DİN vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə, COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə 102 Xidməti Zəng Mərkəzi, 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli qaynar xətt əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir. O cümlədən, Baş Prokurorluğun və DİN-in sosial şəbəkələrdəki səhifələri vasitəsilə də məlumat vermək mümkündür.

Mission News Theme by Compete Themes.