Press "Enter" to skip to content

Antalya Azərbaycanlıları səfərbər olunub

Bayraqdar.info – Məlum olduğu kimi bir neçə gündür Türkiyənin bölgələrində meşə yanğınları tüğyan edir. Yanğınlar yaşayış yerlərini, kənd və qəsəbələri də cənginə alıb. Azərbaycan da daxil olmaqla atrıq bir neçə dövlət qardaş Türkiyəyə yanğınlarla mübarizə ilə bağlı yardım göndərib.

Eyni zamanda, Türkiyənin Antalya, Adana, Muğla, Mersin, Osmaniye və digər yaşayış məntəqələrində baş verən meşə yanğınlarının həmvətənlərimizə mənfi təsirinin azaldılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsində, o cümlədən müvafiq bölgələrdəki diaspor təşkilatlarında 24 saat fəaliyyət göstərən qaynar xətt yaradılıb.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hazırda Türkiyə ərazisində olan və böhran bölgələrində baş verən hadisələrdən zərərçəkmiş Azərbaycan vətəndaşları və ya onlar barədə məlumatı olanlardan, eləcə də bu ağır günlərdə öz dəstəyini göstərmək istəyən şəxslərdən Komitənin və diaspor təşkilatlarının qaynar xəttinə zəng etmələri xahiş olunur.

Yanğınların episentri sayılan Antalyada hazırda vəziyyətin necə olması, o cümlədən soydaşlarımızın durumu ilə bağlı məlumat əldə etmək üçün Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədr müavini Azər İsmayılla əlaqə saxladıq.

Azər bəy bayraqdar.info-ya açıqlamasında bildirdi ki, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi vilayətin Manavgat rayonunda çıxan yanğından zərər çəkmiş insanlara yardım etmək üçün səfərbər olunub: “Antalyada yaşayan azərbaycanlıların da maddi dəstəkləri ilə az zamanda müəyyən bir vəsait toplandı. Zərərçəkmiş bölgələrə lazım olan təməl ehtiyacların siyahısı tutuldu. Sonra lazım olan vəsaitlər alınaraq Muratpaşa rayonundakı yardım toplama mərkəzinə təhvil verildi”.

A.İsmayıl əlavə edib ki, Dərnək Antalyanın yanğın çıxan bölgələrində yanğından zərər çəkmiş Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır: “Əgər belə hallar olarsa bu insanlara lazımi dəstək və yardımlar göstəriləcəkdir. Dərnəyin təşkil etdiyi yardımlar davam edir. Bundan sonra da toplanan yardım vəsaitləri Yardım Toplama Mərkəzlərinə təhvil veriləcək”.

Mission News Theme by Compete Themes.