Press "Enter" to skip to content

İsraildən Azərbaycan nümayəndə heyətinin səfərinə yüksək dəyər

Bayraqdar.info – İsrailin turizm naziri Konstantin Yoel Razvozov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun bu ölkəyə bugünlərdə etdiyi səfəri və ikitərəfli müzakirələri yüksək dəyərləndirib.

K.Razvozov bununla bağlı sosial media hesabında etdiyi paylaşımda bildirib.

“İsrailin iqtisadi inkişafına doğru daha bir addım” başlıqlı paylaşımında nazir K.Razvozov yazır: “Bu gün Təl-Əvivdə həmkarım – İsrail-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovla birlikdə rəsmi şəkildə Azərbaycan Respublikasının İsraildə ticarət və turizm nümayəndəliyini açdıq.

“İsrail və Azərbaycan 1991-ci ildən bəri diplomatik əlaqədədir. 1992-ci ildən Bakıda İsrail səfirliyi fəaliyyət göstərir. Üç onillik ərzində ölkələrimiz arasındakı münasibətlər qarşılıqlı etimad və əməkdaşlıq üzərində qurulub. Lakin Azərbaycan ticarət və turizm nümayəndəliyinin açılması – bu, hər iki ölkənin münasibətlərində tarixi mərhələdir.

“Bu iqtisadi işbirliyi özündə nəhəng bir potensialı ehtiva edir. Bu gün açılmış nümayəndəlik heç şübhəsiz hay-tek, energetika, su təchizatı, kənd təsərrüfatı, tibb, ali təhsil və qarşılıqlı yatırımlar kimi müxtəlif sahələrdə ortaq biznes layihələrinə can atan israillilər üçün bir ünvan olacaq”.

Əlavə edək ki, İsrailli nazir bununla bağlı Twitter hesabında da əlavə paylaşım edərək təqdirini bildirib.

Ümumiyyətlə isə iqtisadiyyat naziri M.Cabbarovun Azərbaycana dost ölkə olan İsrailə sözügedən geniş heyətli səfəri hər iki ölkədə, eyni zamanda bölgədə marağı olan dairələrdə çox ciddi rezonans doğurub. Əlbəttə, belə bir səfərin gerçəkləşdirilməsi, çoxsaylı görüşlərin keçirilməsi, eyni zamanda nümayəndəliyin açılması iki ölkə arasındakı dostluq münasibətlərinin yeni və daha üstün mərhələsidir. Bu, sadəcə iqtisadi münasibətlərin inkişafına deyil, bütün sahələrdə münasibətlərin inkişafına ciddi töhfə verəcək.

Mission News Theme by Compete Themes.