Press "Enter" to skip to content

“Buta Airways” İzmirə reyslərin sayını artırır

Bayraqdar.info – Aşağıbüdcəli aviadaşıyıcı “Buta Airways” iyulun 30-dan etibarən Bakıdan Türkiyənin kurort şəhəri olan İzmirə xüsusi reyslərin sayını artırır.

Aviaşirkətin mətbuat xidmətindən bayraqdar.info-ya bildirilib ki, yay uçuş cədvəli çərçivəsində həftədə üç dəfə (çərşənbə, cümə və bazar günləri) Bakı-İzmir-Bakı istiqamətində yerinə yetirilən gündəlik reyslərə daha bir reys əlavə olunacaq.

“Ölkədə epidemioloji vəziyyətlə və məhdudiyyətlərin tətbiqi ilə əlaqədar aviaşirkət biletləri yalnız iki – “Standart” və “Super” tarifləri üzrə təklif edir. Hər iki tarifə təyyarədə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir. Həmin uçuşlara biletləri butaairways.az saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə edə bilərsiniz. Aviabiletin dəyəri 55 avrodan başlayır”, – deyə şirkətdən bildirilib.

Xəbərdə deyilir ki, pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı H.Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir. Pandemiya ilə əlaqədar tətbiq edilən bütün rəsmi prosedurlardan əvvəlcədən keçmək üçün sərnişinlərə qeydiyyatdan üç saat əvvəl hava limanına gəlmələri tövsiyə olunur. Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Şirkətdən qeyd edilir ki, Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı ötən il dekabrın 6-dan İzmirə xüsusi reyslər həyata keçirir.

Türkiyə və Azərbaycan hökumətləri arasında imzalanmış şəxsiyyət vəsiqəsi ilə səfər haqqında protokola əsasən, 2021-ci ilin aprelin 1-dən etibarən iki ölkə vətəndaşları həm də yeni nümunəli şəxsiyyət vəsiqəsi ilə birbaşa səfərlər edə bilərlər.

Mission News Theme by Compete Themes.