Press "Enter" to skip to content

Meksikalı jurnalist Azərbaycanlı jurnalistlərin xatirəsinə yazı həsr etdi

Son yeniləmə: 29 İyul 2021 17:21

Bayraqdar.info – Meksikanın “ContraReplica” və “Valija Diplomática” qəzetlərində “Şuşa – Azərbaycanın azadlıq simvolu”“Qarabağ odlar diyarı Azərbaycanındır” başlıqlı məqalələr dərc olunub.

Bu barədə bayraqdar.info-ya iyulun 29-da ölkəmizn Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, məqalələr tanınmış meksikalı jurnalist Federiko (Conni) La Montun işğaldan azad olunmuş ərazilərimizə etdiyi səfərin təəssüratları barədədir.

Cəbrayıl, Fizuli, Gəncə, Ağdam və Şuşa şəhərlərində səfərdə olmuş jurnalist yazılarında ilk olaraq Şuşanın hərbi-strateji əhəmiyyətindən bəhs edib.

F.Lamont habelə Şuşa şəhərinin işğaldan azad edilməsinin Azərbaycanın ərazi bütövlüyünün bərpasının simvoluna çevrildiyini qeyd edib.

Məqalələrdə 44 günlük müharibə zamanı Ermənistanın mülki azərbaycanlıları hədəf almasından, Gəncə şəhərinə gecə saatlarında raket zərbələri endirməsindən də bəhs olunub.

Həmçinin, Cəbrayıl və Ağdam şəhərlərinin müstəsna erməni vandalizminə məruz qaldığı, buradakı yaşayış infrastrukturu və tarixi-mədəni abidələrin tamamilə darmadağın edildiyi vurğulanıb.

Yazılarda 30 ilə yaxın işğalda saxlanılmış ərazilərimizdə Ermənistanın apardığı kütləvi minalanmadan da bəhs edilib. Ötən ilin 10 noyabr tarixində əldə olunmuş atəşkəs razılaşmasından bu günədək yüzlərlə hərbi və mülki azərbaycanlının məhz minaların partlaması səbəbindən həyatını itirdiyi bildirilib. Bu xüsusda azərbaycanlı media işçilərinin də iyun ayının əvvəlində Kəlbəcər rayonunun Susuzluq kəndində həmin minaların qurbanına çevrildiyi qeyd olunub.

Müəllif Ermənistanın 30 ilə yaxın dövr ərzində BMT qətnamələrinə məhəl qoymadığı kimi, bu gün də beynəlxalq humanitar hüquqa zidd olaraq bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyini vurğulayıb.

Əlavə edək ki, jurnalist yazısının başlanğıcında “Sirac Abışov və Məhərrəm İbrahimovun xatirəsinə” sözlərini yazıb. Bununla da o, iyunun 4-də ermənilərin basdırdığı minanın partlaması sonucu həlak olan Azərbaycan jurnalistlərinə həmkar yanğısını ifadə edib.

Redaktə və əlavə: Azər Həsrət

Mission News Theme by Compete Themes.