Press "Enter" to skip to content

İsraillə Azərbaycan arasında turizm sahəsində də irəliləyiş gözlənilir

Bayraqdar.info – İyulun 29-da İsrailin Təl-Əviv şəhərində Azərbaycan Respublikasının Ticarət və Turizm nümayəndəlikləri açılıb.

Bu barədə bayraqdar.info-ya iyulun 29-da İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bununla əlaqədar keçirilən tədbirdə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrailin turizm naziri Yoel Razvozov iştirak edib. Həmçinin Azərbaycan nümayəndə heyəti, İsrail rəsmiləri, ziyalılar və biznes dairələrinin nümayəndələri, İsrail-Azərbaycan Ticarət-Sənaye Palatasının üzvləri də tədbirdə iştirak ediblər. İştirakçılar Azərbaycan Ticarət Nümayəndəliyinin ofisi ilə tanış olublar.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri M.Cabbarov dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulan ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Nazir Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağına əminliyini ifadə edib.

M.Cabbarov 44 günlük Vətən müharibəsi ərzində Azərbaycana göstərdiyi dəstəyə görə İsrail tərəfinə təşəkkürünü bildirib. Nazir İsrail şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpasına göstərdikləri marağı da yüksək qiymətləndirib.

İqtisadiyyat naziri bır çox sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. M.Cabbarov İsrail iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən faydalanmağa dəvət edib.

Sonra Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edib. O, Ticarət və Turizm nümayəndəliklərinin iki ölkə arasında tərəfdaşlığın, o cümlədən turizm sahəsində əlaqələrin genişlənməsinə önəmli töhfə verəcəyini qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycanda tarixi yəhudi irsinin qorunması və Dövlət Turizm Agentliyi tərəfindən bu irsdən turizm potensialının inkişafı üçün bir sıra işlər görülür. Agentlik tərəfindən “Azərbaycanda yəhudi irsi” turizm marşrutu hazırlanıb. Həmçinin İsrailin Azərbaycandakı səfirliyi ilə birlikdə ölkəmizin şimal hissəsində yerləşən Qırmızı qəsəbədə dağ yəhudilərinin sıx yaşadığı ərazidə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi istiqamətində addımlar atılır.

Hökumətlərarası Komissiyanın həmsədri, İsrailin turizm naziri Y.Razvozov İsrail-Azərbaycan münasibətlərinin strateji xarakter daşıdığını, qarşılıqlı etimad və hörmətə əsaslandığını qeyd edib: “Otuz il ərzində ölkələrimiz əməkdaşlıq sahəsində böyük nailiyyətlər əldə edib, bununla belə İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılması əməkdaşlığımızda tarixi hadisədir”.

Y.Razvozov ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində bu mühüm qərarı qəbul etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. O, iqtisadi əməkdaşlığın yeni hədəflərinin qarşıya qoyulduğunu və nümayəndəliklərin bu məqsədə xidmət etdiyini vurğulayıb. Qeyd edilib ki, nümayəndəliklər yüksək texnologiya, energetika, su təchizatı, kənd təsərrüfatı, tibb, təhsil və qarşılıqlı investisiyalar kimi müxtəlif sahələrdə birgə biznes qurmaq istəyən İsrail iş adamları üçün yeni ünvan, əlverişli platforma olacaq.

Tədbir zamanı Azərbaycanın iqtisadi və turizm potensialı haqqında təqdimat keçirilib.

Yeri gəlmişkən, nazir M.Cabbarov tədbir haqqında sosial media hesabında paylaşım da edib.

Mission News Theme by Compete Themes.