Press "Enter" to skip to content

Azərbaycan və İsrail arasında əməkdaşlıq ənənəvi tarixi köklərə əsaslanır

Son yeniləmə: 29 İyul 2021 16:07

Bayraqdar.info – “Azərbaycan və İsrail arasında əməkdaşlıq yalnız iqtisadi tərəfdaşlığa deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır.”

Bu fikirlər iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailin xarici işlər naziri Yair Lapidlə görüşündə səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri M.Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir.

Bu barədə bayraqdar.info-ya iyulun 29-da İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İsrailə səfər çərçivəsində M.Cabbarov bu ölkənin xarici işlər naziri Yair Lapidlə görüşüb.

Görüşdə iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq əlaqələri diqqətə çatdırılıb. Vurğulanıb ki, ölkəmizdə daim yəhudi icmasına böyük hörmət və müsbət münasibət mövcud olub, icma Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb.

Bildirilib ki, İsrail Azərbaycanın dövlət müstəqilliyini tanıyan, diplomatik əlaqələr yaradan ilk dövlətlərdəndir: “Ölkələrimiz arasında qarşılıqlı etimadın formalaşmasında dövlət başçılarının səfər və görüşləri xüsusi əhəmiyyət kəsb edir”.

Vurğulanıb ki, İsrail Dövləti 44 günlük Vətən Müharibəsi dövründə və müharibədən sonra Azərbaycanı daim dəstəkləyib. Ermənistanın təcavüzü ilə bağlı İsraildə Azərbaycana dəstək xarakterli müxtəlif tədbirlər təşkil edilib, bəyanatlar səsləndirilib.

M.Cabbarov deyib ki, Azərbaycan-İsrail Birgə Komissiyasının fəaliyyətinin aktiv şəkildə davam etdirilməsi üçün Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq işlər görülür, məlumat və əməkdaşlıq bazası genişləndirilir. Nazir bu ilin iyulunda təməli qoyulan Ələt Azad İqtisadi Zonası barədə məlumat verib. Həmçinin İsrail investorları iqtisadiyyatımızın müxtəlif sahələrinə sərmayə qoymağa dəvət edilib.

Tərəflər iki ölkə arasında qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Həmin gün iqtisadiyyat naziri M.Cabbarovun bu ölkənin inşaat və mənzil siyasəti naziri Zeev Elkinlə də görüşü keçirilib.

Görüşdə ikitərəfli iqtisadi münasibətlərimizin gücləndirilməsi perspektivləri və yeni əməkdaşlıq imkanları, həmçinin işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesi barədə müzakirələr aparılıb. Eyni zamanda, İsrail şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştirakda marağı ifadə olunub.

İsrailli nazirlər ölkələrində Azərbaycanın ticarət və turizm nümayəndəliklərinin açılmasını yüksək qiymətləndiriblər. Onlar tərəfdaşlığın, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, biznes-dialoqun təşviqi üçün əhəmiyyətli platforma olacağını, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni imkanlar yaradacağını vurğulayıblar. Həmçinin tərəfdaşlığın kənd təsərrüfatı, İKT, investisiya, turizm kimi sahələrin inkişafına töhfə verəcəyi vurğulanıb.

Redaktə və əlavə: Azər Həsrət

Mission News Theme by Compete Themes.