Press "Enter" to skip to content

ABŞ İranda ifadə azadlığına şərait yaratmağa çağırdı

ABŞ Dövlət Departamenti

Son yeniləmə: 29 İyul 2021 09:54

Bayraqdar.info – ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İranda su qıtlığı üzündən yaranan etirazlarla bağlı açıqlama verib.

Departamentdən bayraqdar.info-ya daxil olan açıqlamada deyilir ki, İranda quraqlıq və hökumətin yarıtmaz idarəetməsi üzündən ortaya çıxan su qıtlığıyla bağlı etirazlar Xuzistandan başlayaraq Tehran, Kərəc və Təbrizə də yayılıb. İndi İran vətəndaşları sadəcə gündəlik tələbat məsələləri deyil, gözlədikləri insan haqları ilə bağlı da narahatdır.

“İranlılar rahatsızlıqlarını dilə gətirib hökumətdən hesabat tələb etmə hüququna malikdirlər. Lakin biz görürük ki, hüquq mühafizə orqanları etirazçılara atəş açır. Bu da bir sıra hallarda ölümlərə səbəb olub. Biz dinc etirazçılara qarşı gücdən istifadəni qınayırıq. Biz iranlıların dinc şəkildə toplaşmaq və özlərini hər hansı zorakılıq və ya təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmə qorxusu olmadan ifadə etmə hüququnu dəstəkləyirik. Biz həm də bölgədə internetin əngəllənməsilə bağlı xəbərləri izləməkdəyik”, – deyə N.Prays bildirib.

Departamentin sözçüsü sonda qeyd edib ki, “Biz İran hökumətini vətəndaşların özlərini sərbəst ifadə edə bilməsi, eyni zamanda internet də daxil olmaqla informasiyaya sərbəst çıxa bilməsi üçün şərait yaratmağa çağırırıq”.

Əlavə edək ki, bir neçə həftədir İranın ərəblər yaşayan Xuzistan əyalətində su qıtlığı üzündən kütləvi xalq etirazları başlayıb. Sonrakı günlərdə bu etirazlara ölkənin başqa bölgələri də qoşulub. İyulun 24-də isə Güney Azərbaycanın mərkəzi Təbriz şəhərində xalq ayağa qalxaraq Xuzistana dəstək ifadə edib. Nəticədə 150-dək fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Mission News Theme by Compete Themes.