Bayraqdar.info – İyulun 28-də yazıçı Şah Selimi Türkayın “Ev dustağıyam” əsərinin təqdimat tədbiri və imza günü keçirilib. Bakı Kitab Mərkəzində keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı Rəşad Məcid, tanınmış publisist Günel Anarqızı və digər şəxslər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, “Ev dustağıyam” əsərinin ana xəttini insan əqidəsinin, ruhunun, fikir və düşüncəsinin azadlığı, mənəvi müstəqilliyi tutur. Əsərin qəhrəmanlarının dilindən sonsuz sevgi, övlad və yurd həsrəti, humanistlik və insan dünyasının mənəvi toxluğu, türk dünyasının keçdiyi tarixi yollar ön planda bədii ifadələrlə və obrazlı sözlərlə təsvir edilib.
Bildirilib ki, Şah Selimi Türkay Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsindən məzun olduqdan sonra təhsilini Böyük Britaniyanın London şəhərində davam etdirib. O, 2015-2018-ci illərdə Azərbaycanın müxtəlif dövlət qurumlarında strateji tədqiqatçı, iqtisadi analitik, layihə və investisiyalar üzrə mütəxəssis kimi fəaliyyət göstərib.
Müəllif “Yeni kapitalizm baxışı” konsepsiyasının tərəfdarı və bilavasitə paylaşılan dəyərin yaradılması ilə sosial problemlərin həllinə nail olunması üzrə bir çox elmi məqalələrin müəllifidir.
Analitik fəaliyyəti ilə yanaşı, ədəbi yaradıcılığa xüsusi marağı olan gənc yazıçının 2019-cu ildə qələmə almış olduğu qısa hekayəsi Londonun tanınmış Faber Akademiyası tərəfindən seçildikdən sonra o, burada yazıçılıq fəaliyyətinə başlayıb. Müəllif bədii ədəbiyyatda roman və hekayələrin qurulması üzrə bilik və bacarıqlarını məşhur ingilis romançısı, hekayəçisi və dramaturqu Jane Rogers, Riçard Skinner və irlandiyalı yazıçı Keith Ridgway kimi dünyaca məşhur müəlliflərdən öyrənmək şansına nail olub.
“Ev dustağıyam” əsəri (2021) yazıçının ana dilində çap etdirdiyi ilk əsərdir.
Şah Selimi Türkay Qasımzadə hazırda “Azərbaycan Mədəni İrsin Qorunması və Turizmə Dəstək Assosiasiyası”nın (AMİTA) icraçı direktoru vəzifəsini icra edir.