Bayraqdar.info – ABŞ-ın Texas ştatından olan Konqres üzvü, demokrat Henri Kuellar Elin Süleymanovun ABŞ-da səfir vəzifəsi səlahiyyətlərini bitirməsi ilə əlaqədar ABŞ Konqresində bəyanatla çıxış edib.
Bu barədə bayraqdar.info-ya iyulun 28-də ölkəmizin ABŞ-dakı səfirliyindən məlumat verilib.
Qeyd edilir ki, bəyanat Konqres spikeri Nensi Pelosiyə ünvanlanıb. Bəyanatda deyilir ki, E.Süleymanov Vaşinqtonda uzun müddət fəaliyyət göstərən səfirlərdən biri olaraq regionda sülh və diplomatiyanın rifahının gücləndirilməsində və ABŞ ilə əlaqələrin inkişaf etdirilməsində töhfələr verib. Həmçinin H.Kuellar növbəti il ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağını diqqətə çatdıraraq təbriklərini söyləyib.
Bəyanatda Elin Süleymanov haqqında ətraflı məlumat da öz əksini tapıb. Bundan əlavə onun dünyada diplomatiya sahəsində tanınmış təhsil mərkəzlərindən sayılan Feltçer məktəbində magistr dərəcəsini alan ilk azərbaycanlı olması qeyd edilib. Həmçinin E.Süleymanovun Los-Anceles şəhərində ilk Baş konsul vəzifəsində çalışdığı bildirilib.
Bundan əlavə onun Texas ştatı ilə xüsusi əlaqələri vurğulanaraq Laredo şəhərinə səfərləri xatırladılıb.