Bayraqdar.info – İyulun 28-də xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətilə görüşüb.
Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.
Bildirilib ki, Ə.Qeysər Azərbaycanın ərazilərini azad etməsi münasibətilə təbriklərini çatırıb, Pakistan xalqının bu qələbəni Azərbaycan xalqı ilə birgə qeyd etdiyini vurğulayıb. O, Pakistanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini, Azərbaycanın ərazi bütövlüynü hər zaman dəstəklədiyini qeyd edib. Ə.Qeysər Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrləri arasında ilk üçtərəfli görüşdə iştirakından məmnunluq duyduğunu qeyd edib. Qonaq parlament müstəvisində əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin ölkələrimiz arasındakı münasibətlərin inkişafına müsbət töhfə verəcəyini söyləyib. Pakistan Milli Assambleyasının sədri, həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir üzrə Kontakt Qrupu çərçivəsində fəal iştirakını qeyd edib.
Nazir C.Bayramov səmimi təbriklərinə görə Milli Assambleyanın sədrinə təşəkkürünü bildirib. O, bu ilin əvvəlində İslamabadda keçirilmiş üç ölkənin xarici işlər nazirlərinin görüşünə istinad edərək, üçtərəfli formatda keçirilən toplantıların qardaş ölkələr arasında əlaqələrin inkişafına ciddi töhfə verdiyini vurğulayıb.
C.Bayramov Azərbaycanın Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin müvafiq qətnamələrinə uyğun olaraq həllini dəstəklədiyini qeyd edib. Nazir, səfər çərçivəsində Pakistan Milli Assambleyası nümayəndə heyətinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya gedərək oradakı vəziyyətlə və ümumiyyətlə, azad olunmuş ərazilərdəki dağıntıların miqyası ilə tanış olmaq imkanını qeyd edib.
Nazir, hazırkı post-münaqişə mərhələsi, azad olunmuş ərazilərdəki mina təhlükəsi, həyata keçilən bərpa və quruculuq işləri barədə də ətraflı məlumat verib. Ermənistan tərəfindən hələ də destruktiv mövqe nümayiş edildiyini vurğulayan nazir, qarşı tərəfin son zamanlar sərhəd bölgəsində vəziyyəti gərginləşdirmək cəhdlərini qınayıb. O, Ermənistanı təxribatlardan əl çəkərək iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara başlamasının regional sülh və təhlükəsizliyin təmin olunması baxımından vacib olduğunu bildirib.
Tərəflər, habelə Azərbaycan və Pakistan arasında iqtisadi, ticari, humanitar, enerji, nəqliyyat və s. sahələrdə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin regional təhlükəsizlik məsələləri, iqlim dəyişikliyi üzrə müzakirələr edilib.