Press "Enter" to skip to content

Bakı Bəyannaməsi qarşılıqlı əməkdaşlığa töhfə verəcək

Bayraqdar.info – Üç qardaş ölkənin parlament rəhbərlərinin görüşü nəticəsində Bakı Bəyannaməsinin imzalanması qarşılıqlı əməkdaşlığın daha da inkişafına töhfə verəcək.

Bunu xarici işlər naziri Ceyhun Bayramov iyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətilə görüşdə deyib.

Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.

Qeyd olunub ki, C.Bayramov Azərbaycan, Pakistan və Türkiyə parlament rəhbərləri arasında ilk üçtərəfli görüşün keçirilməsini böyük tarixi hadisə kimi qiymətləndirib. Nazir bu münasibətlə təbriklərini çatdırıb.

M.Şentop üç qardaş ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin həm ölkələrimizin və xalqlarımızın rifahına, həm də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb. O, parlament diplomatiyası çərçivəsində üç ölkə nümayəndələrinin bir araya gəldiyini məmnunluqla qeyd edib.

M.Şentop, həmçinin Azərbaycanın ərazilərini işğaldan azad etməsi ilə bağlı bölgədəki cari vəziyyətə toxunub. O, Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi imzalamaq təklifini çox mühüm addım kimi dəyərləndirib. Azərbaycanın humanitar sahədə önəmli addımlar atdığını qeyd edən TBMM sədri, Ermənistan tərəfindən bütün mina xəritələrinin Azərbaycana verilməsinin zəruri olduğunu vurğulayıb.

C.Bayramov öz növbəsində üç dövlət arasında əlaqələrin xüsusi önəm daşıdığını, bu əlaqələrin geniş və hərtərəfli olduğunu vurğulayıb. 2021-ci ilin yanvarında İslamabadda üç ölkənin xarici işlər nazirlərinin bir araya gədiyini xatırlayan nazir ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etməkdə olduğunu qeyd edib.

Nazir, həmçinin Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Şuşaya səfərini və qəbul olunmuş Şuşa Bəyannaməsini tarixi hadisə kimi qiymətləndirib. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsinin başladığı ilk gündən etibarən Türkiyə xalqının, başda Türkiyə rəhbəri olmaqla bütün səviyyələrdə dəstəyini hiss etdiyini və bunun yüksək dəyərləndirildiyi vurğulanıb. Nazir hazırda Türkiyənin bölgədə sülhün təmin edilməsi istiqamətində tam dəstəyini hiss etdiyimizi və bunu alqışladığımızı qarşı tərəfin diqqətinə çatdırıb.

Görüş zamanı tərəflər, eyni zamanda Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyi üzrə, o cümlədən parlament əməkdaşlığı istiqamətində, habelə regional təhlükəsizlik mövzuları ətrafında geniş fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin çoxtərəfli platformalarda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Mission News Theme by Compete Themes.