Press "Enter" to skip to content

“Azərsu” ASC: Yenə də sudan qanunsuz istifadə etməyə çalışanlar var

Bayraqdar.info – İçməli sudan qanunsuz istifadənin, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mütəmadi nəzarət-yoxlama tədbirləri keçirilir. Bununla belə, yenə də sudan qanunsuz istifadə etməyə çalışanlar var.

Bu barədə bayraqdar.info-ya iyulun 28-də “Azərsu” ASC-dən məlumat verilib.

Qeyd olunub ki, Xəzər rayonu, Albalılıq-2 adlanan yaşayış massivində ev alqı-satqısı ilə məşğul olan bəzi şəxslər sakinləri aldadaraq, onlardan müəyyən məbləğdə pul almaqla yaşayış evlərinə qanunsuz su xətləri çəkib. Sakinlərdən biri – Aygün Əmiraslanovanın sözlərinə görə sayğac da daxil olmaqla hər ev üçün 1200 manatdan pul yığılıb.

Araşdırmalar zamanı məlum olub ki, yaxınlıqda su xətti olmadığından işbazlar təxminən 1 kilometrlik məsafədən 50 mm-lik boru ilə su çəkərək paylayıcı kollektor quraşdırıb. Buradan isə evlərə fərdi su xətləri çəkilib. Xəzər Sukanal İdarəsinin əməkdaşları tərəfindən aşkarlanmış qanunsuz su xətləri kəsilərək, sudan qeyri-qanuni istifadənin qarşısı alınıb. Hazırda özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edib sakinləri aldadan şəxslərin kimliyi dəqiqləşdirilir. Eyni zamanda, hüquq mühafizə orqanlarına təqdim etmək üçün lazımi sənədlər hazırlanır.

Şirvan şəhəri, Zülfi Hacıyev küçəsi, ev 8/A ünvanında yerləşən “Təmiz su” istehsal və satış müəssisəsinin rəhbəri də qanunvericiliyin tələblərini kobud surətdə pozub. O, xammal istifadəçisi kimi sudan qeyri-qanuni sudan edib: “Aparılmış nəzarət tədbirləri çərçivəsində məlum olub ki, sahibkar müəssisənin yaxınlığında yerləşən və Bəhruz Nərimanova məxsus fərdi evin su xəttindən rezin boru vasitəsi ilə qanunsuz şəkildə isiifadə edir. Qanunvericiliyin tələblərinə uyğun olaraq su istehsalı müəssisəsinin və fərdi evin su təchizatı dayandırılıb. Qeyd edək ki, içməli sudan xammal kimi istifadə edənlər 1 kubmetr suya görə 8 manat ödəməli olduğu halda, fərdi evdən götürdüyü suya görə heç bir ödəniş etməyib”.

Vurğulanıb ki, içməli su xətlərinə qanunsuz müdaxilə və onların qarşısının alınması Cəmiyyət üçün əlavə iş həcminə, maliyyə itkisinə səbəb olur.

Bildirilib ki, belə qanunazidd halların qarşısını almaq üçün bundan sonra da tədbirlər davam etdiriləcək. “Azərsu” ASC əhalidən xahiş edir ki, su çəkilməsi ilə bağlı onlara vəd verən kənar şəxslərə inanmasınlar. Vətəndaşlar sudan qeyri-qanuni istifadədən çəkinsinlər və belə hallarla qarşılaşdıqda Cəmiyyətin 955 zəng mərkəzinə müraciət etsinlər.

Mission News Theme by Compete Themes.