Press "Enter" to skip to content

Şəhid Əliağa Məmmədova həsr edilən xatirə lövhəsinin açılışı

Bayraqdar.info – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının işıqçısı, Vətən müharibəsi şəhidi Əliağa Məmmədovun anım günündə ona həsr edilən xatirə lövhəsinin açılışı olub.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Vətən uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Teatrdan bayraqdar.info-ya verilən xəbərə görə, anım tədbirində iştirak edən Xalq artisti Fatma Mahmudova, tanınmış telejurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı və Teatrın digər əməkdaşları Əliağanın nurlu xatirəsindən söhbət açıb, cəsarətinə, mübarizə əzminə görə onu Milli Qəhrəman hesab etdiklərini bildiriblər.

Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, o cümlədən şəhidin əsgər yoldaşları, ailə üzvləri, media nümayəndələri və digər qonaqlar da iştirak ediblər.

Qeyd edək ki, Əliağa Eldəniz oğlu Məmmədov 26 iyul 2001-ci ildə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. O, Milli Qəhrəman Nazim İsmayılov adına 80 saylı tam orta məktəbi bitirdikdən sonra özünü idman sahəsində sınayıb, cüdo üzrə müxtəlif yarışlarda çıxışları ona medallar və sertifikatlar qazandırıb.

E.Məmmədov peşə təhsili alandan sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıqçı kimi fəaliyyətə başlayıb. Elə hərbi xidmətə də çalışdığı doğma teatrdan yola düşüb. Teatrın qaranlıq səhnəsini işıqlandıran bu gənc vətən qarşısındakı müqəddəs borcunu da layiqincə yerinə yetirib.

Ağır döyüşlərin birində düşmənin hücumu zamanı Əliağa tabor komandirinin həyatını öz canı bahasına xilas edib və elə həmin döyüşdə (06 oktyabr 2020) şəhidlik zirvəsinə ucalıb.

Mission News Theme by Compete Themes.