Press "Enter" to skip to content

Laçın yaylaqlarına 531 arı ailəsi köçürülüb

Bayraqdar.info – Azad edilmiş ərazilərdəki yaylaqlara ümumilikdə 4 min 68, o cümlədən Laçın yaylaqlarına 531 arı ailəsi köçürülüb.

Bu barədə iyulun 27-də bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Laçın rayonunun yaylaqlarına köçürülməsi başa çatıb. Pilot layihə çərçivəsində bu il ümumi sayı 531 arı ailəsi olmaqla 15 arıçılıq təsərrüfatının Laçın yaylaqlarına köçürülməsi təmin edilib.

Pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib. Arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib. Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb. Həmin xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin dislokasiya koordinatları fermerlərə təqdim olunub.

Öz təsərrüfatlarını Laçın yaylaqlarına köçürməyə razılıq vermiş fermer təsərrüfatlarının əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, dislokasiya bölgəsində davranış qaydaları izah edilib. Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində – yerli bölmələrinin iştirakı ilə həyata keçirilib.

KTN-nin Torpaqlardan istifadəyə nəzarət və Heyvandarlığın təşkili və monitorinqi şöbələri yaylaq mövsümü dövründə Laçın ərazisinə köçürülmüş qoyunçuluq və arıçılıq təsərrüfatlarının fəaliyyəti ilə bağlı monitorinqlər aparırlar. Monitorinqlər zamanı həmçinin vətəndaşların dislokasiya ərazilərində tətbiq olunan qaydalara riayət etməsi, risklərin dəyərləndirilməsi də həyata keçirilir.

Pilot layihənin məqsədi ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Laçın rayonunda yaylaqlardan istifadə imkanlarını dəyərləndirmək, riskləri müəyyənləşdirmək, buna uyğun olaraq növbəti illərdə daha çox sayda təsərrüfatın bu yaylaqülara köçünü təmin etməkdir.

KTN-dən bildirirlər ki, işğaldan azad edilmiş Laçın rayonunda arıçılığın inkişafı üçün böyük potensial mövcuddur. Bölgənin bitki örtüyü ehtiyatlarının arıçılığın inkişafı baxımından dəyərləndirilməsi davam edir.

Mission News Theme by Compete Themes.