Son yeniləmə: 27 İyul 2021 11:30
Bayraqdar.info – Son günlər Kuzey Kıbrıs Türk Cümhuriyyətində bəzi daxili qüvvələrin açıqlamaları narahatlıq yaradır. Daha çox xaricdəki antitürk dairələrin maraqlarına uyğun fikirlər səsləndirən bu qüvvələr adada əbədi sülhün əldə edilməməsi üçün günahkarın türk tərəfinin olması haqqında fikir formalaşdırmağa cəhd edirlər.
Elə KKTC Cümhurbaşqanı Ersin Tatarın xalqa son müraciətində də bu məqama toxunulub. KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar iki suveren, bərabərhüquqlu dövlətin mövcudluğuna əsaslanan həll təklifini ilk dəfə Cenevrədə irəli sürdüklərini bildirib. Eyni zamanda qeyd edilib ki, KKTC-nin beynəlxalq hüquqa və insan haqlarına əsaslanaraq gündəmə gətirdiyi Maraş təşəbbüsü dünyada böyük əks-səda yaratmağa davam edir.
E.Tatar daha sonra Kıbrıs türk xalqının azlıq halına gətiriləməsinə və adadan türk əsgərinin çıxarılmasına hesablanmış federasiya planını sərt tənqid edib. O, Yunan-rum cütlüyünün son günlər yalan və iftira dolu təbliğat kampaniyasını genişləndirdiyini vurğulayıb.
KKTC Cümhurbaşqanı Kıbrıs türklərinə qarşı aparılan siyasət barədə ətraflı fikir bildirməklə yanaşı xalqı da bir daha birlik və bərabərlik üçün fəal olmağa səsləyib: “Bütün bunlara baxmayaraq, içimizdəki bəzi dairələrin hələ də federasiya arzusunu davam etdirdiyini və türk tərəfini razılığa qarşı olmaqda günahlandırmasını anlamaq mümkün deyil. Bu günlərdə bizə lazım olan şey birliyimizi və həmrəyliyimizi gücləndirmək, ölkəmizin və xalqımızın hüquq və mənafelərini qorumaq üçün birlikdə hərəkət etməkdir. Narahatlığa və bədbinliyə ehtiyac yoxdur. Xalqımız əmin olsun ki, mübarizəmizdə haqlıyıq və ana vətən Türkiyə yanımızdadır”.