Son yeniləmə: 27 İyul 2021 20:58
Bayraqdar.info – İyulun 27-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Oklahoma Ştatının Qubernatoru Kevin Stitin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, C.Bayramov Oklahoma Qubernatorunu səmimiyyətlə salamlayaraq, Azərbaycanın ABŞ arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs edib. Nazir ABŞ-ın bu günədək Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu başlıca layihələri, o cümlədən enerji layihələrini dəstəklədiyini qeyd edib.
C.Bayramov ölkəmizin sülhməramlı əməliyyatlarda iştirakı, tərəflər arasında sərhəd təhlükəsizliyi, humanitar sahələrdə və s. əməkdaşlıq barədə məmnunluqla danışıb.
Qubernator Kevin Stit Azərbaycana səfərindən məmnunluq ifadə edib. O, Azərbaycan Prezidenti ilə çox yaxşı görüşün keçirildiyini qeyd edib. Qubernator səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı bölgələrə də getmək fürsətinin olacağını bildirib. Kevin Stit habelə konkret sahələrdə əməkdaşlıq, investisiya perspektivlərini də nəzərdən keçirmək imkanını qeyd edib.
Görüş zamanı C.Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tarixi, beynəlxalq ictimaiyyətin bu xüsusda mövqeyi barədə danışıb. Nazir 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.
Qarşı tərəfə, həmçinin bölgədə mövcud olan yeni reallıqlar şəraitində Azərbaycan və ABŞ arasında o cümlədən kənd təsərrüfatı, mədən sənayesi, turizm, alternativ enerji və s. sahələrdə əməkdaşlıq imkanları barədə məlumat təqdim edilib.
Görüşdə habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.