Press "Enter" to skip to content

Ağstafa: Sirli dağların ətəyində məşhurların məskəni – VİDEO

Bayraqdar.info – Həmişə dağlar qoynunda olan şəhər, rayon və kəndlərdə olanda sirli bir ab-havaya düşürəm. Dağlar mənə sehrli aləmi xatırladır, sirr dolu görünür. Elə bilirəm ki, gördüyüm dağlar yarandığı gündən indiyə qədər özündə saxladığı sirləri mənə demək istəyir, amma deyə bilmir.

Bu dəfə də belə oldu. Uzaqdan görünən dağlar bir cazibə qüvvəsi ilə məni özünə çəkirdi. Bura Hüseyn Arifin, Fərman Eyvazlının, Nəriman Həsənzadənin və onlarla məşhurun uşaqlığının, gəncliyinin məskənidir.

Kef üstündə kefimizi
Gəldi, sordu meşəbəyi.
-Buyur! – dedik, atdan enib,
Bardaş qurdu meşəbəyi.

***

Qamçısını atdı sola,
Çantasını çəkdi dala.
Şirin-şirin, bala-bala
Bizlə vurdu meşəbəyi.

***

İsti kabab, təzə fətir.
Doymaq olmur, yenə gətir.
Bığlarını arada bir
Eşib burdu meşəbəyi.

***

Altmışını verib yelə,
Düşməyibdir ruhdan hələ.
Qarşıdakı bir gözələ
Göz də vurdu meşəbəyi.

***

Yatdı biri – keflənərək,
Birini də yıxdı külək.
Hüseynlə axıradək
Möhkəm durdu meşəbəyi.

Elə sevimli şair Hüseyn Arifin “Meşəbəyi” şeirini oxuya-oxuya Ağstafa rayonuna daxil oldum. Bura gəlişimin məqsədi əslində jurnalist fəaliyyətimlə əlaqəli deyil. Amma hara gedirəmsə, jurnalistika həvəsindən irəli gələrək bir yazı yazmaq istəyimi içimdə boğa bilmirəm.

Ağstafa rayonu ilə tanışlığa dəmiryolu vağzalından başladım. Burada vağzalın qarşısında ucaldılmış Milli Qəhrəman Rafiq Alçanovun büstü diqqətimi cəlb etdi. Üzü dəmiryolu vağzal binasına dayananda sol tərəfdə dəmirolu xətti var və oradan qatarlar keçir.

Rayonun əsas mərkəzinin bir – Heydər Əliyev prospektindən ibarət olduğunu demək olar. Bütün inzibati dövlət idarələri, banklar, avtovağzal, dəmiryolu vağzalı, bazar, gözəllik salonları, geyim dükanları, mağaza və marketlər – hamısı bu cəmi bir yoldan ibarət mərkəzi küçənin üzərində o tərəf-bu tərəf olmaqla fəaliyyət göstərir.

Ağstafada olduğum günlər bütün ölkə ərazisində ən isti dövrə təsadüf etdiyindən havanın temperaturu 39-41 dərəcədir. Təbii ki, belə havada gün yandıran istidə rayona çıxmaq həm də təhlükəlidir. Günvurma baş verə bilər. Demək olar ki, səhər saat 11-dən sonra elə qaynar isti düşür ki, axşamlar adamla dolu olan küçə və parklarda gündüzlər tək-tük insan gözə dəyir.

Ağstafanın mərkəzində Səməd Vurğun adına park var. Parkda sevimli şairin heykəli ucaldılıb. Parkdakı hündür çinar, qovaq, palıd, küknar, şam, qoz və digər çoxillik ağacların olması ora sərinlik və yaşıllıq verir. Rayonun kişiləri demək olar ki, əsasən sərinləmək, çay içmək, nərd, domino oynamaq və söhbətləşmək üçün bu parka toplaşırlar.

Ağstafadan xeyli sayda məşhur insanlar çıxıb

…Onların sırasında məşhur yazıçılar – Ağstafanın Muğanlı kəndindən olan məşhur yazıçı İsa Hüseynov (Muğanna), məşhur “Qaçaq Kərəm” romanının müəlliifi, yazıçı Fərman Eyvazlı, şairlər – Yeni Gün kəndindən mahnılara çevrilib dillər əzbəri olan “Xatırla məni”, “Meşəbəyi”, “Yaşa hələ”, “Şeir deyilmi?”, “Söylə, yadındamı?” şeirlərinin müəllifi, duzlu-məzəli, şirin zarafatları ilə yaddaşlarda daim xatırlanan nəğməkar şair Hüseyn Arif, Kəsəmən kəndindən sevgi şairi, şeirləri dillər əzbəri olan Nüsrət Kəsəmənli, Qıraq Kəsəmən kəndindən akademik İlyas Abdullayev, Zəlimxan kəndindən millət vəkli professor, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Poylu kəndindən akademik, tanınmış yazıçı Nəriman Həsənzadə, Yuxarı Göyçəli kəndindən professor Tofiq Hüseynov, Aşağı Göyçəli kəndindən AAK üzvü, professor Arif Ələkbərov, yenə də Poylu kəndindən Azərbaycanın baş ginekoloqu Mustafa Hacıqasımov və professor Məqsəd Səttarov, tərcüməçi, şair, jurnalist, məşhur “Tarla qızları” şeirinin müəllifi Həmid Abbas, Eldar Namazov, milli qəhrəmanlar və digərləri var.

Ağstafanın tarixinə qısa ekskursiya

Öncə onu deyim ki, Ağstafa rayonu 1593-cü ildə Osmanlının Axıstabad sancağı olub. 24 yanvar 1939-cu ildə Azərbaycanın inzibati rayonlarından biri kimi yaradılsa da, 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdirilib. Lakin 1990-ci ildə yenidən müstəqil rayon olub.

Ağstafa rayonu Qazax rayonuna o qədər yaxındır ki, iki rayounun mərkəzini cəmi 9 km məsafə ayırır.

Ağstafa Respublikanın şimal-qərb hissəsində, Kiçik Qafqaz dağları ilə Qabırrı yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyrançöl ön-dağlığında yerləşir. Rayonun sahəsi 1503,7 km², əhalisi isə 2020-ci ilə olan hesablamaya görə 88 min 458 nəfər təşkil edir.

1881-ci ildə tikilmiş Bakı-Tbilisi dəmiryolu, həmçinin, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu rayonun ərazisindən keçir.

Rayonun ərazisi qərbdən Qazax, şərq və cənub-şərqdən Tovuz rayonuyla, şimal-qərbdən Gürcüstanın Qardabani, şimaldan Qaraçöp (Saqareco), şimal-şərqdən Siqnaxi rayonlarıyla, cənubdan Ermənistanın Şəmşəddin (Berd) rayonuyla qonşudur.

Rayonda bir şəhər (Ağstafa), 9 qəsəbə (Vurğun, Poylu, Şəkərli, Ceyrançöl, Saloğlu, Soyuqbulaq, Soyuqbulaqlar, Həzi Aslanov, Qarayazı) və 29 kənd var. Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsi ilə idarə olunur.

Rayonun inzibati mərkəzi Ağstafa şəhəridir. Rayon okean səviyyəsindən 300 m hündürlükdə yerləşir. Rayonun Bakı şəhəri ilə arasındakı olan məsafə 450 km-dir. Tuqay meşələrində “Qırmızı Kitab”a düşən bitki və quşlar qorunur. Rayon ərazisinin 3 min 510 hektar sahəsini meşəliklər örtür. Bunun da əsas hissəsi Tuqay meşələridir. Meşələrdə ayı, canavar, tülkü, çöldonuzu, boz dovşan, çölsiçanı və s. heyvanlar; qırqovul, turac, kəklik, göyərçin və s. quşlara rast gəlmək olur.

Qarayazı Dövlət Qoruğu Ağstafa rayonu ərazisindədir. 9 min 658 hektar sahəni əhatə edən Qoruqda adı “Qırmızı Kitab”a düşmüş bir sıra bitki və quşlar qorunur.

Azərbaycanın ən böyük çayı olan Kür və onun qolları – Ağstafaçay, Həsənsu, eləcə də bir neçə kiçik çay bu rayonun ərazisindən axır. Məşhur Candargöl də bu rayonda yerləşir.

Rayonun ərazisində mişar daşı, bentonit gili, çınqıl, qum, sement xammalı və s. mövcuddur.

Rayonun tuqay meşələri bir neçə zonadan ibarətdir. Kür çayının sahilləri boyunca söyüd, yulğun, böyürtkən, çaytikanı və adi zirinc kollarından ibarət pöhrəliklərə təsadüf edilir. Onlardan sonrakı sıranı ağyarpaq qovaq, titrək və qara qovaq, ağ tut və müxtəlif söyüd növlərindən ibarət olan tuqay meşələri tutur.

Kurqanlar diyarı…

Rayon ərazisində çoxsaylı arxeoloji və tarixi abidələr var. Onların arasında Aşağı Kəsəmən kəndindəki Töyrətəpə adlı, tunc dövrünə aid insan məskəni və Dağ Kəsəmən kəndində tunc dövrünün sonu – dəmir dövrünün əvvəlinə aid Çobandaşlı adlı məskən dünya əhəmiyyətli abidələr sırasına daxil edilib.

Köçəsgər kəndinin yaxınlığında Molla Nağı təpəsi (daş dövrü), tunc və dəmir dövrlərinə aid Durnatəpə, Böyüktəpə, Şiş Quzeyi Piri və orta əsrlərə aid Haça Dağ Piri adlı abidələr, Ağstafa şəhərinin yaxınlığında tunc və dəmir dövrlərinə aid Cantəpə, Yastıtəpə qədim yaşayış yerləri, Aşağı Kəsəmən, Tatlı, Yuxarı Göycəli, Həsənsu kəndlərini də qeyd etməliyik.

Arxeoloji qazıntılar zamanı bu ərazidə tapılmış küpələr, boyunbağılar, kasalar, vazalar, müxtəlif məişət əşyaları yerli Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır.

Memarlıq abidələri xüsusi maraq doğurur: XVII əsrə aid qüllə, Qıraq Kəsəmən kəndində XIX əsrə aid məscidlər, Kolxəlfəli, Qarahəsən, Dağ Kəsəmən və başqa kəndlərdə XIX əsrdə tikilmiş məscidlər və s.

Ağstafa kurqanlarla, tarixi abdələrlə dolu rayondur. Buranı nahaq yerə “Kurqanlar vadisi” adlandırmırlar ki… Bu barədə ayrıca yazım olacaq…

Rayon əhalisinin milli tərkibində türk əsilli azərbaycanlılarla yanaşı rus, gürcü, kürd və digər millətlərin nümayəndələri də var.

Rayonda 39 kitabxana, 13 mədəniyyət evi, 1 musiqi məktəbi, 3 muzey, 1 rəsm qalereyası, 25 klub var.

Rayon əhalisinə Mərkəzi Xəstəxana, 1 kənd xəstəxanası, 18 kənd həkim məntəqəsi, 15 kənd tibb məntəqəsi səhiyyə xidməti göstərir.

Rayonun təhsil sektorunda gənc nəslin təlim tərbiyəsi ilə 1 min 745 müəllim məşğul olur.

Rayonda 39 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar tədris müəssisəsi, 34 uşaq bağçası fəaliyyət göstərir.

Ağstafada S.Vurğun Parkından başqa, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı, Mehdi Mustafayev, Gənclər parkları yerli sakinlərin və qonaqların sevimli istirahət guşələridir.

Yay kinoteatrı və S.Vurğun adına Parkda fəaliyyət göstərən “Yazıçılar Evi”ndə müxtəlif tədbirlər keçirilir.

Ağstafanın əhalisi ilə söhbət zamanı məlum oldu ki, onlar çox zaman bazarlığa Qazax rayonuna gedirlər. (Onu da qeyd edim ki, Qazax sakinləri ilə ağstafalılar çox qaynayıb qarışıblar. Bir-birinə qız verib, qız alıb qohum olublar.)

Ağstafanın kəndlərində günəbaxan, süpürgə, qarğıdalı, yonca, taxıl, bostan bitkiləri – qarpız, yemiş, qovun, dadlı pomidorlar əkilir.

Rayon ərazisində Böyük Kəsik kəndində “Dilboz” Atçılıq Sovxozunda atlar yetişdirlir.

Çeyrançöl adlanan ərazidə maldarlıq, camışçılıq təsərrüfatı çox inkişaf edib.

Bir sözlə, Ağstafa çox maraqlı, hər sahəsini inkişaf etdirmiş dinamik rayondur. O baxımdan maraq məni rayon bazarına çəkib apardı. Dedim, görəsən, bazarda nə var, nə yox?

Video və foto çəkilişimi davam etdirə-etdirə bazara girdim.Buranın özünəməxsus şirin ləhcəsi ilə danışan və bazarda alver edən qadınların diqqəti bir anda üzərimə yönəldi. Onu da qeyd edim ki, rayonda fəaliyyət göstərən marketlərdə qiymətlər bazara nisbətdə daha ucuzdur.

Rayon Ermənistanla sərhəd olduğu üçün tez-tez polis reydləri, ciddi yoxlamalar keçirilir. Ermənilərin təxribat törədəcəyindən ehtiyatlanan asayiş keşikçiləri ayıq-sayıqdırlar. Əsasən gəlmə adamlarla daha ciddi maraqlanır və sənədlərini yoxlayırlar. Yerli deyilsənsə, mütləq gəlişinin məqsədini bildirməlisən. Amma Ağstafa camaatı çox istiqanlı, qonaqpərvər və mehribandır. Qonaqlara xüsusi diqqət göstərmələri gözümdən qaçmadı.

Ağstafada mediada barəsində geniş danışılan Keşikçidağ Dövlət Qoruğu və orada aparılan geniş miqyaslı, böyük kurqanlardakı arxeoloji tədqiqatlar barədə ayrıca yazacağam. Amma qeyd edim ki, bu kurqanlardan tapılan zəngin maddi mədəniyyət nümunələrinin tarixi dövriliyi və kurqanların zənginliyi bu ərazilərdə tariximizin qədimliyini göstərir.

Bu maraqlı rayonla vidalaşıram. Amma Ağstafa yaddaşımda hələ də tam kəşf edilməmiş, sirli bir rayon kimi qaldı.

Bakı-Ağstafa-Bakı
27 iyul 2021-ci il

Qeyd: Bəzi informasiyalar açıq mənbələrdən götürülüb.

Mission News Theme by Compete Themes.