Press "Enter" to skip to content

“YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayır

Bayraqdar.info – “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayır.

Bu barədə iyulun 26-da bayraqdar.info-ya “ASAN xidmət”dən bildirilib.

Qeyd olunub ki, düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar təşkil ediləcək, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər keçiriləcək. Həmçinin, uşaqlara ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Düşərgənin ikinci həftəsi də şəhidlərimizin 8-11 yaş kateqoriyasında olan övladlarını əhatə edəcək.
Həmçinin, tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim ediləcək.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarətində və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.

2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.

Düşərgənin media dəstəkçiləri Az.TV, İTV və ASAN Radiodur.

Mission News Theme by Compete Themes.