Bayraqdar.info – Azərbaycn Milli Olimpiya Komitəsindən iyulun 26-da bayraqdar.info-ya verilən xəbərə görə, Azərbaycan yeddinci dəfədir ki,Yay Olimpiya Oyunlarında iştirak edir. Builki Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandası 44 idmançı ilə təmsil olunur.
Taekvondoçuların yarışı
MOK-dan bildirilir k, iyulun 26-da Azərbaycan taekvondoçusu Fəridə Əzizova mübarizəyə qoşulub.
67 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində ABŞ təmsilçisi Peyc Makfersonla üz-üzə gəlib. Əzizova rəqibinə 8:5 hesabı ilə məğlub olub. O, ilk raundda 2:0 hesablı qələbə qazansa da, ikinci raundda 0:5 hesabı ilə uduzub. Üçüncü raundda isə heç-heçə qeydə alınıb – 3:3.
Qeyd edək ki, Fəridə Əzizova Azərbaycan yığmasının bayraqdarlarından biridir.
Azərbaycanın digər bir taekvonduçusu Milad Beygi Xarçeqani də iyulun 26-da mübarizəyə başlayıb.
MOK-dan qeyd edilir ki, 80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Çin Taypeyini təmsil edən Liu Vey Tinqlə qarşılaşıb.
Rəqibinə 15:11 hesabı ilə qalib gələn M.B.Xarçeqani 1/4 finala yüksəlib. İlk raundda idmançılar xal qazana bilməyib. Azərbaycan təmsilçisi ikinci raundda 6:7 hesabı ilə uduzsa da, sonuncu raundda 9:4 hesablı qələbə qazanıb.
Cüdoçuların yarışı
MOK-un verdiyi digər xəbərə görə, Azərbaycan cüdoçusu Rüstəm Orucov iyulun 26-da Tokio Olimpiadasında iştirakı qələbə ilə başlayıb.
73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Rusiya Olimpiya Komitəsinin idmançısı Musa Moquşkova qalib gəlib. Bunun ardınca o, dünya reytinqinin 16-cı pilləsində qərarlaşan Tacikistan idmançısı Somon Maxmadbekova qalib gələrək adını 1/4 finala yazdıra bilib.
R.Orucov Azərbaycan komandasının Tokio-2020-nin açılış mərasimində bayraqdarı olub.
Qılıncoynadanlar
İyulun 26-da Azərbaycan idmançısı Anna Başta Tokio Olimpiadasında qılıncoynatmanın qadınlar arasında sablya növü üzrə mübarizəyə başlayıb.
Azərbaycan milli komandasının üzvü 16 ən güclü qadın sablyaçı sırasına yüksəlmək uğurunda görüşdə ABŞ təmsilçisi Ann Elizabet Stounla qarşılaşıb. Azərbaycan təmsilçisi bu mərhələni qələbə ilə başa vurub.
Triatlonçuların yarışı
MOK bildirir ki, Azərbaycan triatlonçusu Rostislav Pevtsov Tokio-2020-də mükafatçılar sırasına düşə bilməyib. O, Oyunları 41-ci pillədə başa vurub.
“Odaibe Marine Park”da təşkil olunan yarışda 56 idmançı birincilik uğrunda mübarizə aparıb. R.Pevtsov 33-cü nömrə altında çıxış edib.
Azərbaycan triatlonçusu 1500 metr üzmə məsafəsini, 40 kilometr velosiped və 10 kilometr qaçış yarışlarını 1 saat 50 dəqiqə 46 saniyəyə qət edib.
Yarışın qalibi Norveç idmançısı Kristian Blummenfelt olub. O, məsafəni 1 saat 45 dəqiqəyə başa vurub. Gümüş medala Böyük Britaniya təmsilçisi Aleks Yi sahib olub. İlk üçlüyü Yeni Zelandiya idmançısı Hayden Vilde tamamlayıb.
Stend atıcılığı
Azərbaycan stend atışıcısı Emin Cəfərov Tokio-2020 Olimpiya Oyunlarında iştirak edir.
MOK-dan bayraqdar.info-ya bildirilib ki, iyulun 25-də təşkil olunan ilk təsnifat mərhələsində Azərbaycan təmsilçisi 71 xalla 30 iştirakçı arasında 24-cü olub.
Yarışlar davam edir.