Bayraqdar.info – Xəbər verildiyi kimi, bir qrup jurnalist və ictimai fəal Prezident İlham Əliyevə müraciət edərək jurnalistlər üçün tikilmiş 3-cü binadakı mənzillərin şəhid ailələrinə verilməsini istəyib. Məsələ cəmiyyətdə kəskin etirazlara səbəb olub, özəlliklə də şəhid ailələri və jurnalistlər arasında belə bir məsələylə gərəksiz qarşıdurma yaradıldığı bildirilib. Azərbaycan dövlətinin şəhid ailələrini də mənzillə təmin etmək üçün kifayət qədər iş gördüyü, yeni mənzillər tikib təhvil vermək üçün yetərincə imkanlarının olduğu müzakirələrin əsas məğzini təşkil edir.
Bu müzakirələr fonunda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, şəhid polkovnik Raquf Orucovun xanımı Sevinc Orucova da fikir bildirmiş, belə bir təşəbbüsə qarşı çıxmışdı.
İyulun 26-da isə bir qrup şəhid anası tanınmış jurnalist Aida Eyvazlıya məktub yazaraq qeyd olunan müzakirənin Vətən uğrunda canını fəda etmiş övladlarının ruhunu incittiyini bildirib. Məsələnin önəmini nəzərə alaraq A.Eyvazlının öz sosial media hesabında paylaşdığı məktubun mətnini təqdim edirik.
Şəhid anaları mənə məktub yazdılar…
“Salam, Aida xanım Eyvazlı. Biz “Qalibiyyət: şahidlər və şəhidlər” kitabında övladlarının adı həkk olunan, 2016-cı ilin aprel ayında qəhrəmanlıqla həlak olan şəhidlərin valideynləriyik. Siz bizi yaxşı tanıyırsınız. Və bu gün sizin timsalınızda tanıdığımız dəyərli jurnalistlərimizə də ehtiramımız vardır.
Bilirsiniz ki, bizim övladlarımız Vətən yolunda, torpaq yolynda şəhid oldular. Sıramızda elələri var ki, lazım olan yerdə “Şəhid anasıyam” deməyə utanır. İstəmir ki, balasının adı ilə alver etsin. Azərbaycan 30 ildə gör bir nə qədər şəhid verdi. O şəhidin qapısını jurnalist döyəndə o şəhid, o qazi tanındı.
Jurnalistlər ölkəmizin söz əsgərləridirlər. Bizim şəhidlərin də həyatını istedadlı jurnalistlər işıqlandırır. O ayrı məsələ ki, hər bir peşə sahibinin arasında məsləksizi və məsləklisi olur. Kaş ki, bütün şəhid qapılarını məsləki olan jurnalistlər döysünlər.
Bugünlərdə biz şəhid anaları da sosial mediada, internat saytlarında bir-birini qaralayan jurnalistlərin yazdıqlarını oxuyuruq. Doğru deyil. Biz oğullarımızı dövlətdən ev almaq üçün şəhid vermədik. Onların ruhu ilə oynamayın. Bəli, ölkəmizdə şəhid ailələrinə xüsusi diqqət, qayğı var. Bu, heç kimə sirr deyil. Vaxtı gəlincə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid və qazi ailələrinə növbəli şəkildə mənzil də verilir. Lakin kiminsə gözü olan payı əlindən alıb bizim ailələrə vermək şəhidlərimizin ruhunu incitməkdir. Unutmayın ki, onlar hər şeyi görürlər.
Nə yaxşı olardı ki, dövlət başçısının sözlərini və əmrlərini özlərinə sərf edən kimi istifadə edən nankor məmurlar, belə ucuz ideya və təklifi araya atanlar, şəhidin haqqını yeyən, qazinin haqqını yeyənlərin siyahısını çıxarıb qoysunlar ortaya. Cənab Prezidentə bu haqda müraciət ünvanlasınlar.
Biz şəhid ailələri belə mənasız, ürəkbulandıran mövzularda adımızın hallandırılmasını istəmirik. Jurnalistlərə çatan mənzillərin şəhid və qazi ailələrinə verilməsini təklif edənlər, gücləri çatırsa, imkanlı, vəzifəli şəxslərn alıb boş saxladıqları minlərlə mənzilin siyahısını çıxarıb, lazımi orqanlara versinlər. Və bundan sonra həmin mənzillər də ədalətli şəkildə ehtiyacı olan ailələrə paylanılsın. Bu zaman ədalət bərpa oluna bilər.
Şəhid ailələri adından:
Müşfiq Orucovun anası Aygün Məmmədli,
Əbdülməcid Axundovun anası Ceyran Həsənova,
Rəşad Niftalıyevin anası Fərqanə Niftalıyeva,
Fəxrəddin Qurbanlının anası Nəzimə Qurbanova,
Mahir Quliyevin anası Lalə Quliyeva,
Kamran Şirəliyevin anası Elvira Şirəliyeva.
Aida xanım, siz bizim problemlərimizi hər zaman işıqlandırmısınız. Xahiş edirik ki, bu məktubumuzu da işıqlandırın. Mənəviyyatı təmiz, əli, nəfsi təmiz jurnalistlər bizim də dostumuzdur”.
Əlavə edək ki, biz də iyulun 25-də yazdığımız “Jurnalistlərin mənzil məsələsilə bağlı yumşaq bir yazı…”mızda şəhid ailələrinin qürurlu insanlar olduğunu, belə müzakirələrdən xoşlanmayacağını qeyd etmişdik…