Bayraqdar.info – Ağstafada yaşayan və ehtiyatda olan hərbi qulluqçu, gizir Adıgözəlli Məhərrəm İbrahim oğlu 2016-cı ildə Aprel döyüşlərində sağlamlığını itərərək ehtiyata buraxılıb. O, aprelin 1-dən döyüşlərə qatılıb və 3 gün sonra ağır yaralanıb. 6 il tankçı təhsili alan Qarabağ qazisi müharibəyə tankçı kimi qoşulub.
2016-cı ildə Lələtəpə uğrunda döyüşlərə atılıb və T-72M1 tankı ilə düşmənlə vuruşub. O, Cəbrayıl-Füzuli rayonları ərazisində döyüşlərdə yaralanıb.
Gənc qazi Aprel döyüşlərindən danışarkən deyir: “Aprelin 3-də səhər saat 7:00 radələrində Şahin Məmmədov, Elmar Bayramov və mən ekipajla birlikdə düşmənin minaatan batareyasını şəxsi heyətlə brlikdə məhv etdik. Lələtəpəni 45 dəqiqəyə düşməndən geri aldıq. Aprelin 4-də saat 10-un yarısı olardı, ermənilər bizi artilleriya atəşinə tutdular. İdarəolunan raket kompleksindən bizim olduğumuz maşını vurdular. Orada ağır yaralandım, huşumu itirdim”.
Hazırda Məhərrəmin başında 3 qəlpə var. Digər qəlpələr isə burnunda və sifətindədir. Sol qulağı tamamilə eşitmir. Başındakı qəlpələr onun ayağında sinir problemi yaradıb.
M.Adıgözəlli deyir ki, bir ayağı hissiyyatını tamamilə itirib. Ayaq dırnaqları öz-özünə düşür. Müalicə tədricən aparılsa da, heç bir effekt vermir. Kompüter tomoqrafiyasında qəlpələrin ölçüləri sm-lərlə göstərilib. Şiddətli ağrılara dözə bilmir. Qarabağ qazisi 1 gün ərzində cəmi 3 saat yatır.
“Hərdən elə ağrı tutur ki, oturub uşaq kimi ağlayıram. Qapalı-kəllə-beyin travması keçirdiyim üçün dəhşətli ağrılarım olur. Sonuncu dəfə Gəncə Beynəlxalq Xəstəxanasında mənə şizofreniya diaqnozu qoyulub. 10 gündür ki, xəstəxanadan çıxmışam. Orada müalicə alıram, iki uşağım var deyə, beyin əməliyyatı etdirməyə qorxuram. Hara qədər gedər-gedər”, – deyir qəhrəman tankçı.
Ümid etmək istərdik ki, M.Adıgözəllinin səhhəti düzələcək. Başındakı qəlpələrin çıxarılması üçün ona yaxşı cərrah lazımdır. Səhiyyə Nazirliyi, “YAŞAT” Fondu və Heydər Əlyev Fondu kimi qurumların bu qazimizə də yardımçı olacağına şübhə etmirik.