Son yeniləmə: 23 İyul 2021 15:20
Bayraqdar.info – Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin bu ölkənin “Il Primato Nazionale” onlayn qəzetinin redaksiyasına göndərdiyi məktubu qəzetin internet səhifəsində dərc olunub.
Bu barədə bayraqdar.info-ya iyulun 23-də ölkəmizn İtalyadakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, məktubunda səfir erməni tərəfinin dezinformasiyasının təsiri altında həmin qəzetdə dərc olunmuş məqaləyə münasibət bildirib.
Azərbaycan diplomatının məktubunda Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən ətraflı bəhs edilib.
M.Əhmədzadə vurğulayıb ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinə cəhd göstərsə də Ermənistan öz hərbi qüvvələrini Azərbaycan ərazisindən çıxarmağa etiraz edib və hərbi işğalı əbədiləşdirməyə çalışıb. Ötən ilin payızında Ermənistanın növbəti hərbi təxribatları ilə başlamış və 44 gün davam etmiş hərbi əməliyyatlar nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini icra edərək həmin əraziləri işğaldan azad edib.
Diplomat təəssüflə qeyd edib ki, son hərbi əməliyyatlar vaxtı da azərbaycanlı mülki əhali arasında itkilər olub. Belə ki, Ermənistanın bilərəkdən hərbi əməliyyatlar zonasından uzaqda yerləşən Azərbaycan mülki obyektlərinə hücumları 100-dən çox mülki azərbaycanlının qətlə yetirilməsinə, 400-dən çoxunun isə yaralanmasına səbəb olub.
Diplomat vurğulayıb ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etsə də azərbaycanlı məcburi köçkünlər hələ də öz evlərinə qayıda bilmirlər: “Həmin ərazilər Ermənistan hərbi qüvvələri tərəfindən işğal dövründə sistemli olaraq talan edilmiş, yerlə yeksan olunmuş və piyada və tank əleyhinə minalarla döşənmişdir. 30 illik münaqişə dövründə 3 min azərbaycanlı Ermənistanın yerləşdirdiyi və xəritələrini təqdim etməkdən imtina etdiyi piyada və tank əleyhinə minaların partlamasının qurbanı olmuşdur. Azərbaycanın azad olunmuş əraziləri bu gün dünyada ən çox minalanmış bölgələrdən biri hesab olunur”.
Səfir əlavə edib ki, sadəcə ötən ilin noyabrından bəri əksəriyyəti mülki əhali olmaqla 150 nəfər şəxs mina partlamasının qurbanı olub.
M.Əhmədzadə qeyd edib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın hərbi işğalından azad edərək müharibəyə son qoydu və indi artıq sülh haqqında düşünmək zamanıdır.
Məktubunun sonunda səfir qəzeti Ermənistan tərəfindən Azərbaycan xalqının başına gətirilmiş müsibətlərə diqqət yetirməyə çağırıb.
“Erməni tərəfinin sülh, əməkdaşlıq və birgəyaşayış kimi dəyərləri qəbul etməyə, qonşularına qarşı revanşist meyllərdən, nifrət hisslərindən, tarixi, mədəni və beynəlxalq hüquq nöqteyi-nəzərindən ona aid olmayan torpaqlarla bağlı iddialardan əl çəkməyə dəvət edilməsi faydalı olardı”, – deyə diplomat fikirlərini tamamlayıb.