Press "Enter" to skip to content

İran Ermənistanın tərəqqisinə kömək edir

Osman Gündüz

44 günlük Vətən müharibəsindən sonra diqqət çəkən məqamlardan biri də bu olub ki, İran şirkətləri, İran bankları işğal altında olan ərazilərimizdə uzun illər biznes qurublar və investisiya yatırıblar. Müharibə zamanı İranın Ermənistana hərbi yardımlarına cənublu soydaşlarımızın da müqavimətini unutmamışıq.

Ermənistan saytlarına nə zaman daxil olsam rast gəlirəm ki, İran nümayəndə heyəti, iranlı biznes elitası bu ölkədə filan tədbir keçirdi, filan sahəyə investisiya yatırdı, biznes forumlar keçirdi və s.

Hətta son zamanlar İran Ermənistanda “Ağıllı şəhər” qurmağı da planlayıb.

Qarşıdakı aylarda keçirilməsi gözlənilən İran-Ermənistan biznez forumunda əməkdaşlığın daha da gücləndirilməsi gözlənilir.

Heç kim üçün sirr deyil ki, İranın texnologiyası və resursları Ermənistanın tərəqqisinə, Türkiyənin texnologiyası və diplomatiyası Qarabağın erməni işğalından azad edilməsinə kömək edib.

Məhz işğal məsələsinə görə Türkiyə Ermənistanla sərhədi bağlayıb, İran isə onun tərəqqisinə kömək edib.

Ötən gün Prezident İlham Əliyev texniki vasitələr və peyklərlə aparılan monitorinqlər zamanı xeyli sayda xarici maşınların, o cümlədən erməni nömrəli xarici maşınların da Xankəndinə getməsinin müəyyən olunduğunu açıqlayıb. Güman ki, bunlar da elə İran maşınlarıdır.

Amma qəribədir ki, Şeyxülislam Allahşükür Paşazadə son günlərdə verdiyi açıqlamalarda absurd bir mövqe sərgiləyərək Qarabağın işğaldan azad olunmasındakı səylərinə görə İranı və Türkiyəni tərəzinin bir gözünə, eyni cərgəyə qoymağa çalışıb.

Və çox təəccüblüdür ki, A.Paşazadə daha bir absurd açıqlama verib: “Ayətullah Xameneinin “Qarabağ islam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”.

Bu cür fikirlərin – dini və ya ruhani məzmunlu deyil, daha çox siyasi yük daşıyan açıqlamaların Azərbaycanın Şeyxülislamı tərəfindən səsləndirilməsi tam anlaşılmazdır.

Bütün dünya bilir ki qələbəni Azərbaycan xalqı, bütün cəmiyyət, əsgər və zabitlərimiz Ali Baş Komandan ətrafında dəmir yumruq kimi birləşərək qazanıb.

Son zamanlar Şeyxülislamın ədalətsiz, açıq-aşkar iranyönümlü yanaşmalar və açıqlamalar sərgiləməsi təəssüf doğurur.

Eyni zamanda milli maraqlarımıza uyğun gəlməyən bu tip açıqlamaları dövlətimizə qarşı hörmətsizlik və xoşagəlməz hal hesab edirik.

Mission News Theme by Compete Themes.