Bayraqdar.info – Azərbaycan Mətbuat Şurası 2021-ci ilin Ali Media Mükafatını şəhid jurnalistlərə verib.
Bu haqda bayraqdar.info-ya iyulun 22-də MŞ-dan məlumat verilib.
Qurumdan bildirilib ki, Mükafat iyunun 4-də Kəlbəcər ərazisində vəzifə borcunu yerinə yetirdikləri vaxt minaya düşərək həlak olmuş jurnalistlər – AzərTAc-ın müxbiri Məhərrəm İbrahimov və Az.TV-nın operatoru Sirac Abışova, həmçinin COVID-19 xəstəliyindən dünyasını dəyişmiş hərbi jurnalist Rəşad Süleymanova verilib.
“Məlum olduğu kimi, Mətbuat Şurası hər il ömrünü-gününü peşəsinə həsr etmiş jurnalistləri Ali Media Mükafatı ilə mükafatlandırır. 2011-ci ildən başlayaraq xoş ənənəyə çevrilmiş mükafatın laureatlarının adları 22 iyul Milli Mətbuat Günündə açıqlanır və 3 dərəcə üzrə təqdim olunur. 2021-ci ildə Şura qərara alıb ki, təltif yalnız bir dərəcə üzrə aparılsın”, deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “M.İbrahimov və S.Abışov istər 44 günlük Vətən Müharibəsi dönəmində, istərsə də müharibədən sonrakı dövrdə Azərbaycan ictimaiyyətini dolğun və operativ məlumatlarla təmin edib. R.Süleymanov isə müqəddəs savaşımızın davam etdiyi müddətdə hərbi jurnalist və ekspert kimi cəmiyyətin informasiyalarla təminatı, həm də ictimai rəyin düzgün formalaşdırılması istiqamətində böyük əzmlə çalışıb. Mətbuat Şurası məhz bu xidmətləri nəzərə alıb”.