Press "Enter" to skip to content

Təhsil alanların köçürülməsi davam edir

Bayraqdar.info – Tələbələrin ölkə daxilində və ya xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasının və ya təhsil alma formasının dəyişdirilməsi üzrə elektron sənəd qəbulu prosesi davam edir. Eləcə də, ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin (təhsil forması üzrə), magistratura səviyyəsində təhsil alanların köçürülməsi işi həyata keçirilir. Transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən sənəd qəbulu iyulun 26-dək davam edəcək.

Təhsil Nazirliyindən iyulun 22-də bayraqdar.info-ya verilən xəbərə görə, portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsil alanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarının uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi zamanı qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Nazirlik qeyd edir ki, ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsil alma formasını dəyişmək, I tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək hüququna malikdirlər.

Bununla yanaşı, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Nazirlikdən bildirilir ki, bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Təhsil alma formasını dəyişən və ya köçürülən tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər.

Akkreditə olunmayan xarici ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir. Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Xarici ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır.

Bu zaman II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında uyğun hesab edilir. II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla da (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun sayılır.

Mission News Theme by Compete Themes.