Press "Enter" to skip to content

Şəhid polkovnik-leytenant Soltan Məmmədovun xatirəsi anılıb

Bayraqdar.info – Ölkənin hər yerində olduğu kimi Yevlaxda da şəhidlərin xatirəsi daim uca tutulur. İyulun 21-də şəhid polkovnik-leytenant Məmmədov Soltan Akif oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olunub, üzərinə gül-çiçək dəstələri düzülüb.

Mərasimdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, deputat İlham Məmmədov, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, dostları iştirak ediblər.

Bu barədə bayraqdar.info-ya millət vəkili İlham Məmmədov məlumat verib.

Bildirilib ki, mərasim iştirakçıları Soltan Məmmədovun həyat yolundan danışıblar. Çıxışlarda qeyd olunub ki, Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimiz əbədi ehtirama layiqdir.

Məlumat verilib ki, şəhid polkovnik-leytenant Soltan Məmmədov 1981-ci il iyulun 21-də Yevlax rayonunun Səmədabad kəndində anadan olub. 1997-1999-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

Soltan Məmmədov 2003-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində əvvəlcə tağım komandiri, sonra isə tabor komandirinin müavini olub. 2013-2019-cu illərdə Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə qərargah rəisi, 2019-cu ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində tabor komandiri vəzifəsində xidmət edib.

O, 2020-ci il sentyabrın 27-dən Vətən müharibəsində iştirak edib və oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlər zamanı göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı Ordeni” ilə “Vətən Uğrunda”, “Soqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Mərasimdə iştirak edən şəhidin ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər. Onlar bu diqqət və qayğıya görə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mission News Theme by Compete Themes.