Press "Enter" to skip to content

Prezident Daşkəsən, Naftalan və Goranboy rayonlarında səfərdə olub

Bayraqdar.info – Prezident İlham Əliyev iyulun 22-də Daşkəsən rayonunda səfərdə olub. Dövlət başçısı Daşkəsən şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, onun xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstəsi qoyub.

Daha sonra İ.Əliyev Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib.

Məlumatı iyulun 22-də Prezidentin Mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, 1993-cü ildə salınan Şəhidlər xiyabanında həm Birinci Qarabağ, həm də 44 günlük Vətən müharibəsində həlak olan şəhidlər dəfn edilib.

“Ümumiyyətlə, Daşkəsəndən olan gənclər də hər zaman Azərbaycan ərazilərinin müdafiəsi uğrunda qəhrəmanlıqla döyüşüb, Vətən uğrunda canlarından keçiblər. Vətən müharibəsinin gedişində yenidən silaha sarılan Daşkəsən gənclərindən 31 nəfər şəhidlik zirvəsinə ucalıb. Bu qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqın qəlbində əbədi yaşayacaq”, – deyə məlumatda qeyd edilir.

Prezident İ.Əliyev Daşkəsəndə “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub.

Dövlət başçısına “Çovdar” qızıl mədənində görülən işlər barədə məlumat verilib. Prezident İlham Əliyev “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izləyib.

İyulun 22-də Daşkəsənə səfəri zamanı Prezident “Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərlə tanış olub.

Məlumatda Prezidentin Naftalan şəhərinə səfərindən də söz açılır. Bildirilir ki, Naftalan şəhərinə səfər edən Prezident ulu öndər H.Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Bundan sonra ölkə başçısı Naftalan Hava Limanı ilə tanış olub.

Liman haqqında Prezidentə məlumat verilib. Bildirilib ki, onun tikintisinə 1975-ci ildə başlanılıb və 1977-ci ildə istismara verilib. Limanın fəaliyyəti 1997-ci ildə dayandırılıb. Ərazisi sənəd üzrə 47 hektar, faktiki hasarlanmış ərazisi isə 58.8 hektardır. Hava Limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir.

İ.Əliyev Naftalan Mərkəzi Sanatoriyasının açılışında da iştirak edib.Ona sanatoriya haqqında məlumat verilib. Qeyd edilib ki, köhnə avtovağzal binası sökülərək yerində 2014-cü ilin may ayında Naftalan Mərkəzi Sanatoriyasının inşasına başlanılıb. Sanatoriya kompleksində tikinti işləri 2021-ci ilin yanvar ayında başa çatdırılıb.

Bundan sonra Prezident Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Prezidentin Mətbuat xidməti bildirir ki, iyulun 22-də qərb bölgəsinə səfəri çərçivəsində Prezident İ.Əliyev Goranboy rayonunda da olub.

O, Goranboy şəhərində ulu öndər H. Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Goranboyda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışı həyata keçirilib və dövlət başçısı açılışda iştirak edib.

Ona yolun inşası ilə bağlı görülən işlər barədə məlumat verilib.

Bundan sonra Goranboy Olimpiya İdman Kompleksinin açılışını da həyata keçirən dövlət başçısına kompleksdə görülən işlər barədə də məlumat verilib.

Mission News Theme by Compete Themes.