Bayraqdar.info – 22 iyulda Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları “22 İyul – Milli Mətbuat Günü” adlı virtual sərgi hazırlayıb.
Kitabxanadan bayraqdar.info-ya bildirilib ki, virtual sərgidə mətbuatın inkişafına dair rəsmi sənədlər, mətbuat və jurnalistikanın inkişaf tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.
“Görkəmli ziyalı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı kimi cəmiyyəti düşündürən problemləri qabardıb, xalqın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb”, – deyə Kitabxanadan verilən məlumatda bildirilir.
Məlumatda daha sonra qeyd edilir ki, Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oynayan “Əkinçi”nin başlıca məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, tərəqqiyə çağırmaq olub.