Press "Enter" to skip to content

Milli fəaldan Allahşükür Paşazadəyə sərt təpki

Faiq Ələkbərli

Son yeniləmə: 22 İyul 2021 09:37

Bayraqdar.info – “Şeyxülislam Allahşükür Paşazadənin belə bir açıqlama verməsi – yəni guya 2-ci Qarabağ müharibəsində İran adlanan ölkənin Azərbaycanın yanında olmasını iddia etməsi qəbuledilməzdir!”

Bu sözləri Bütöv Azərbaycan Ocaqları (BAO) sədrinin Türk dünyası ilə əlaqələr üzrə müavini Dos. Dr. Faiq Ələkbərli deyib.

O, bayraqdar.info-ya iyulun 21-də göndərdiyi açıqlamada daha sonra davam edib: ““İran İslam Cümhuriyyəti” adlanan bu ölkə 44 günlük Vətən müharibəsində nəinki Azərbaycana dəstək verməmiş, bu və ya digər formada Ermənistanın yanında yer almışdır və almağa da davam edir. Belə bir açıqlama verdiyinə görə, A.Paşazadəni kəskin şəkildə qınayırıq. Hesab edirik ki, A.Paşazadə xalq qarşısında buna aydınlıq gətirməlidir”.

F.Ələkbərliyə görə, A.Paşazadənin belə bir açıqlama verməsi anlaşılan deyil: ““İran İslam Cümhuriyyəti” adlanan ölkənin ali dini lideri Xameneyinin fətvasına gəlincə, Vətən müharibəsini Azərbaycan əsgəri qanı və canı, millət və vətən sevdası ilə qazanıb. Əgər Xameneyinin Azərbaycana belə canı yanırdısa, Ermənistana dəstək verənlərə qarşı fətva verərdi. Ancaq Xameneyi bunu etmək əvəzinə özbəöz qardaşlarına dəstək verən və molla-fars rejimincə Ermənistana yardımın qarşısını almaq istəyən Güney Azərbaycan türklərinə cəza kəsdi. Üstəlik, bu gün milyonlarla Azərbaycan türkü və digər türk xalqları rejim tərəfindən təqib və təzyiqlərə məruz qalmaqdadır”.

“Ona görə də, A.Paşazadə bunları Xameneyinin diqqətinə çatdırmalıdır. O, bilməlidir ki, qələbəmizin carçısı Azərbaycan əsgərinin mübarizə əzmi və milli ruhu olmuşdur. Azərbaycan əsgəri Mübarizlərdən, Poladlardan, Fəridlərdən və yüzlərlə başqa qəhrəmanlardan ruh alaraq qələbə qazanıb. Bu qələbədə də Azərbaycana birmənalı şəkildə “Bir millət – iki dövlət” dediyimiz can Türkiyə dəstək verib. Bu anlamda Türkiyə ilə İran adlanan ölkənin adını bir yerdə tutmaq da yolverilməzdir”, – deyə F.Ələkbərli əlavə edib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin rəisi A.Paşazadə İran tərəfinin “Qarabağ islam torpağıdır” fətvasına əsas tutaraq Vətən müharibəsindəki qələbəyə Türkiyə ilə bərabər şəkildə İranı da ortaq edib. Bu isə Azərbaycan ictimai rəyində ciddi narazılığa səbəb olub. Çünki istər 44 günlük Vətən savaşı günlərində, istərsə də ondan öncə və sonra İran Ermənistana açıq dəstəklə fərqlənib.

“Qarabağ islam torpağıdır” fətvası da ikibaşlıdır və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır. Çünki əgər İran doğrudan da səmimidirsə, “Qarabağ Azərbaycan torpağıdır” deməli idi. Lakin bu günə kimi heç bir İran rəsmisi belə ifadə işlətməyib…

Mission News Theme by Compete Themes.