Press "Enter" to skip to content

Ceyhun Bayramov Aİ səfirini qəbul edib

Bayraqdar.info – İyulun 22-də xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi, səfir Kestudis Yankauskası ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.

Qeyd edilib ki, C.Bayramov səfir K.Yankauskasın ölkəmizdə Aİ-nin nümayəndəsi qismində çalışdığı müddətində peşəkar, məqsədyönlü və uğurlu fəaliyyətini vurğulayıb. Nazir Azərbaycan və Aİ arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə K.Yankauskasa təşəkkürünü bildirib.

Səfir K.Yankauskas fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. O, Aİ-nin bölgənin sülh və dostluq şəraitində inkişaf etməsində maraqlı olduğunu qeyd edib. Səfir Aİ-Azərbaycan tərəfdaşlığında yeni əməkdaşlıq imkanlarından faydalanmağın əhəmiyyətini vurğulayıb.

Görüşdə tərəflər, həmçinin Aİ ilə bağlı baş verən ən son hadisələr, o cümlədən son ay ərzində Azərbaycana həyata keçirilən yüksək səviyyəli səfərlər, eləcə də əməkdaşlıq perspektivləri, Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn yüksək səviyyəli görüşünə hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Nazir C.Bayramov səfir K.Yankauskasa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.