İyulun 20-də Prezident İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər etdi. Qısa müddətli olsa da bu səfər Azərbaycanla yanaşı dünyanın bir çox mərkəzlərində ciddi diqqətə səbəb oldu. Özəlliklə də qonşu Ermənistanda.
Hələlik səfər çərçivəsində müzakirə edilən məsələlər haqqında geniş bilgimiz yoxdur. Yalnız iki prezidentin media önündə verdiyi qısa açıqlamalar var. Onlar da olduqca dəqiq və ölçülü-biçili açıqlamalardır. Bizim üçün önəmlisi odur ki, hər iki açıqlama tərəflərin bir-birinə yüksək dəyər verdiyini, hər hansı birinin digərinin üzərində üstünlük ifadə etməyə çalışmadığını göstərir. Üstəlik, Rusiya Prezidentinin işlətdiyi ifadələr məhz Azərbaycan üçün məqbul sayıla biləcək ifadələrdir ki, bu da çox şeydən xəbər verir.
Bizim diqqətimizi çəkən bir başqa məqam da var. Prezidentlərin birgə fotoşəkilləri. Onlardan birini götürüb qısaca diqqət yetiririk. Yuxarıda dərc edilmiş bu şəklə baxanda dərhal belə qənaətə gəlmək olar ki, hər iki tərəf bu görüşdən çox məmnundur. Eyni zamanda o qənaət də hasil olur ki, burada birinin digərindən üstünlüyü kimi bur durum yoxdur.
Şəkildən görünür ki, prezidentlərin özgüvəni çox yüksəkdir. Təbii ki, bu durum şəklin çəkilməsindən öncəki təmasların inikasıdır. Yəni prezidentlər şəkil çəkdirməzdən öncə ən azı bir neçə kəlməlik fikir mübadiləsi aparıblar. Ondan başqa, bu səfərdən öncə də müvafiq kanallarla fikir alış-verişində olublar. Üzlərdəki bu gülüş və yüksək özgüvən hər iki tərəfin arxayınlığı, qarşılıqlı etimadı – inamı və növbəti mərhələdə də bir-birilərindən razı qalacaqları anlamına gəlir.
İndi isə daha bir şəklə diqqət kəsilək.
Ermənistandakı son parlament seçkilərindən sonra Rusiyaya çağrılan Nikol Paşinyanın V.Putinlə şəklidir. Burada açıq-aşkar görünür ki, kim ağadır, kim vassal. Üstəlik, ağanın özü belə bu görüşdən çox da məmnun görünmür. Səbəb? Səbəb odur ki, V.Putin N.Paşinyanı heç vaxt bir dövlət lideri kimi qəbul etməyib, bu gün də etmir. Sadəcə indiki mərhələdə Rusiyaya da o lazım olduğu üçün adamla tərəf müqabil olmalı olur.
Ermənistan Baş nazirinin vəzifələrini icra edən N.Paşinyan bu şəkildə nə qədər özünü sıxsa da özündən bir deyil, bir neçə baş yüksək bir liderin qəbulunda olduğunu dərk etdiyini gizlədə bilmir. Yəni İ.Əliyev nə qədər özgüvənli, sərbəstdirsə, N.Paşinyan bir o qədər sıxıntılı, aciz və əzilmiş durumdadır bu şəkillərdə.
Əslində bu iki şəkil elə Azərbaycanla Ermənistanın müqayisəsi üçün də yetərlidir. Ona görə də Ermənistanda ağlı başında olan kim varsa, bu şəkillərdən nəticə çıxarmalı, Azərbaycanla çilingağac oynamağın hansı acı nəticələri verə biləcəyini dərk etməlidir…