Press "Enter" to skip to content

Amnesty International vicdan məhbusu Əlirza Fərşinin azadlığını tələb edir

Əlurza Fərşi

Bayraqdar.info – Beynəlxalq Əfv Təşkilatı (Amnesty International – AI) Tehran həbsxanasında saxlanılan türk dil haqları fəalı Əlirza Fərşinin sağlamlıq vəziyyəti ilə əlaqədar narahat olduğunu bildirib. Beynəlxalq qurum İran rəsmilərindən fəalın dərhal sərbəst buraxılmasını tələb edir.

“Əlirza Fərşi dil hüquqlarını müdafiə etmək, həbs edilən fəallar haqqında onlayn məlumat yaymaq və digər dinc fəaliyyətləri üzündən əsassız olaraq Böyük Tehran Mərkəzi Həbsxanasında saxlanılır. İran rəsmiləri onu göz vəziyyəti və yüksək qan şəkəri problemi ilə əlaqədar tibbi yardımdan məhrum buraxırlar”, – deyə qurum iyulun 20-də yayımladığı bəyanatda bildirib.

AI İran Məhkəmə Hakimiyyətinin sədri Qulamhüseyn Mohsini Ejeyiyə ünvanladığı bəyanatda Ə.Fərşini vicdan məhbusu adlandırıb və onun qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.

Qeyd edək ki, hal-hazırda Tehran həbsxanasında iki illik həbs cəzasını çəkən Əlirza Fərşi 2014-cü il iyul ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb. Bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Ə.Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “İranın milli təhlükəsizliyini pozmağa qəsd məqsədilə qruplaşmada iştirak etmək” ittihamı ilə 15 il həbs və Xuzistan vilayətində 2 il sürgün həyatı keçirmə cəzasına məhkum edilmişdi.

Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.