Son yeniləmə: 22 İyul 2021 09:37
İllərdir eşidirik. Deyirlər ki, “Qarabağ islam torpağıdır”. Və əlavə də edirlər ki, “oranın azadlığı uğrunda hər kim həlak olsa şəhid sayılır”.
Belə baxanda, indiki dövr üçün düz deyirlər. Qarabağ doğrudan da müsəlman torpağıdır. Bəs bizi rahatsız edən nədir?
Şeyx Allahşükür Paşazadənin də bu fikrə istinad etməsidir bizi rahatsız edən. Əlbəttə, bir şeyxin bir müsəlman torpağıyla bağlı belə bir fikrin arxasında olması, əslində təqdir ediləsidir. Lakin…
Lakin ortada bir əmma olmasaydı. İş ondadır ki, “Qarabağ islam torpağıdır” fikri başdan ayağa cəhalət içində olan İran mollalarına aiddir. Onların belə bir fikrin arxasına sığınıb hətta öz ölkələrindəki 40 milyon türkün haqlarına tüpürməsi isə təkzibedilməz faktdır.
İran, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsində belə gizli yollarla rol alıb. Eyni zamanda Qarabağdakı ermənilərin acından ölməməsi, işğalçı Ermənistanın ayaqda qala bilməsi də fars-molla rejiminin xidmətləridir. Əgər İran bu illər ərzində Ermənistan üçün nəfəslik rolunu oynamasaydı, işğalçı dövlət çoxdan dizə gələr, “islam torpağı” olan Qarabağdan öz xoşuyla çəkilib gedərdi.
Biz Qarabağ torpaqları işğal altında olduğu illərdə İrandan nəinki dəstək görmədik, üstəlik bizə açıq-aşkar badalaq vurduğunu da müşahidə etdik.
Heç uzağa getmirik. Elə 44 günlük Vətən savaşı günlərində Güney Azərbaycanda soydaşlarımız küçələrə çıxıb bizə dəstək olanda onları həbsxanalara dolduran bu “müsəlman” İran deyildimi?
Yaxud da əsasən şiə müsəlmanların yaşadığı Gəncə şəhərini gecənin ortasında Ermənistan raket atəşinə tutub dinc müsəlmanları öldürəndə də İranın müsəlman həmrəyliyini müşahidə edə bilmədik. Ki, bu İranın əllamələri iddia edir ki, “Qarabağ islam torpağıdır”mış…
Qarabağı “islam torpağı” elan edən İran mollalarının əsl məqsədi, əslində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaqdır. O başı sarıqlı mollalar bir dəfə də olsun “Qarabağ Azərbaycandır!” demədilər. İndinin özündə belə bunu demirlər. Hələ də deyirlər ki, “Qarabağ xaki islam əst”.
Demək istədiyimiz odur ki, Şeyxin də bu adamların bu təbliğatını bəhbəhlə bizə təbliğ etməsi heç ürəkaçan deyil. Gərəkdir ki, Azərbaycanda və bütün Qafqazda müsəlmanlara başçılıq edən dini lider bu cür məsələlərdə ehtiyatlı ola. Biz islam həmrəyliyi, qonşu dövlətlərlə dost münasibətlər və s. kimi məsələləri başa düşürük. Amma axı bu İran adlı dövlət Qarabağ bir yana, öz nəzarətində olan 40 milyon türkü belə adam yerinə qoymur. Üstəlik o türklərin də hamısı müsəlmandır. Hələ onu da vurğulayaq ki, əksərən şiə müsəlman.
İran bizə heç vaxt arxa-dayaq olmadı. Bundan sonra da olası deyil. İran heç vaxt Qarabağın azadlığını istəmədi, bundan sonra da istəyən deyil. Onların Şuşaya gedib bərbəzəkli sözlər deməsinə heç kim aldanmasın. Sadəcə faktla barışmaq zorunda qalıblar, ona görə də belə danışmağa məcburdurlar.
İran o dövlətdir ki, Azərbaycanın ayağı azacıq sürüşəcəyi təqdirdə ilk zərbəni heç tərəddüd etmədən vuracaq. Hələ biz onu da əlavə edək ki, İranın ən öndə gedən xadimləri Azərbaycan Respublikasını “Şimali İran” adlandırırlar. İndi bizim dövlətimizi belə şübhə altına alanlar necə olur ki, Qarabağın azadlığını arzu edirmiş?
Bütün bunlar bir yana, Şeyxin İranı da Türkiyə ilə bir tərəziyə qoyması əsla və əsla dözüləcək durum deyil! İran bizim üçün Türkiyənin atılan dırnağı qədər də iş görməyib və heç bir dəyəri yoxdur! O ölkə, dediyimiz kimi, hətta 44 günlük Vətən savaşı günlərində Güneyli soydaşlarımızı həbsxanalara doldurdu. Türkiyə isə dövləti ilə, vətəndaşı ilə Azərbaycanın yanında oldu. Türkiyə o savaş günlərində Azərbaycanı bir an belə yalqız buraxmadı. İran hardaydı onda? Ermənistana yardımlar göndərirdi bu “islam” dövləti!
Hər şeyi bağışlaya, hər şeyə dözümlü yanaşa bilərik. Amma Şeyxin İranı da Türkiyə ilə bir tərəziyə qoymasına şəxsən mən kəskin etiraz edirəm! Azərbaycanda – Bakıda oturan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri belə danışmamalıdır. Həqiqəti deyə bilmirsə, səsini kəsib sakitcə bir qıraqda oturmalıdır. Amma biz görürük ki, Şeyx İranı da bizə Türkiyə mərtəbəsində sırımağa çalışır.
Sevindiricidir ki, xalqın gözü hər şeyi görür. İnsanlarımız kor, kar və lal deyil. Hər kəs Qarabağın işğal altında qaldığı dövrdə İranın Ermənistana etdiyi yardımları xatırlayır. Belə olan halda Şeyxin İranı Türkiyə ilə bir tərəziyə qoyması onun onsuz da laxlayan mövqelərini daha da laxlatmış oldu. O baxımdan artıq Hacı Allahşükür Paşazadənin istirahətə çəkilməsinin vaxtıdır. Qaldıqca belə səhvlər buraxıb Azərbaycan ictimai rəyini çalxalaması yetər artıq. Hətta yaşlılığını gedib çox sevdiyi İranda da keçirə bilər…