Bayraqdar.info – Nazirlər Kabinetinin Mətbuat xidmətindən bayraqdar.info-ya daxil olan xəbərə görə, iyulun 21-də NK yanında Operativ Qərargahın geniş tərkibdə Respublika müşavirəsi keçirilib.
Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə şəhər və rayonların icra hakimiyyəti başçıları, polis şöbələrinin rəisləri, baş həkimlər də iştirak edib.
Müşavirədə iki əsas məsələ – peyvəndləmənin gedişi və şənlik mərasimlərində karantin rejiminin tələblərinə əməl edilməsinin durumu müzakirə edilib.
Baş nazir çıxışında görülən işlər, Prezident İlham Əliyevin pandemiyanın ilk günlərindən vətəndaşların sağlamlığının qorunması üçün operativ gördüyü işlər haqqında danışıb. O, qeyd edib ki, qorunmanın effektivliyini təmin etmək üçün əhalinin ən azı 70 faizinin peyvəndlənməsi nəzərdə tutulur.
Ə.Əsədov bildirib ki, Azərbaycana 15 milyon doz peyvəndin gətirilməsi üçün sifarişlər verilib. O, atılan addımların nəticəsində yoluxmanın azalmasını ayrıca qeyd edib.
Baş nazir iyulun 1-dən şənlik mərasimlərinin bərpası məsələsinə də toxunub. O, xüsusi olaraq vurğulayıb ki, şənlik mərasimləri bir sıra hallarda bəyan edilmiş qaydalara uyğun keçirilmir.
“Qeyd edilib ki, əsasən Bakı şəhərinin şənliklər təşkil olunan obyektlərində əksər hallarda qaydalara əməl olunur. Bununla belə: qonaqların sayına qoyulmuş məhdudiyyət nəzərə alınmır, iştirak edən şəxslərin COVID pasportu olmur, mərasimin vaxtı müəyyən olunmuş saatları keçir, sanitar-epidemioloji normalar pozulur, obyektlərdə əməkdaşların 80 faizinin peyvəndlənmiş olması tələbi tətbiq olunmur. Oxşar hallar Respublikanın başqa şəhər və rayonlarında da müşahidə olunmaqdadır”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “belə mənfi halların nəticəsidir ki, son günlər ölkə üzrə yoluxmanın artımı müşahidə olunur”.
Xəbərdə daha sonra deyilir: “Vurğulanıb ki, prosesin bu şəkildə davam etməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər. Monitorinqin nəticələri, vətəndaşların çoxsaylı müraciətləri və yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
“Baş nazir Operativ Qərargahın üzvlərinin, şəhər və rayon rəhbərlərinin, nəzarətedici strukturların nümayəndələrinin nəzərinə bir daha çatdırıb ki, əhalinin sağlamlığı ilə bağlı tədbirlərin tətbiqinə şəxsi məsuliyyət daşıyırlar.
“Müzakirələrin gedişində şənlik mərasimlərinin keçirilməsi zamanı tələb olunan qaydalara əməl olunması və daha səmərəli nəzarətin həyata keçirilməsi üçün təkliflər səsləndirilib.
“Qeyd olunub ki, gənclərin, şənlik mərasimi sahiblərinin həyatlarının ən sevincli və yaddaqalan gününün inzibati müdaxilələrlə pozulması arzuolunmazdır və Operativ Qərargah belə müdaxilələrlə şənlik mərasimlərinin dayandırılmasının tərəfdarı deyil.
“Operativ Qərargah belə arzuolunmaz müdaxilələrə yol verilməməsi üçün vətəndaşları şənlik mərasimləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırır.
“Operativ Qərargah şənliklərin keçirildiyi obyektlərin sahiblərinin nəzərinə bir daha çatdırır ki, bütün məsuliyyət onların üzərindədir və qayda pozuntuları ilə bağlı qəti və sərt tədbirlər görüləcəkdir.
“Müşavirədə peyvəndləmə prosesində aşkar edilən neqativ hallara qarşı nəzarətin gücləndirilməsi və sərt tədbirlərin görülməsi məsələsi də müzakirə olunub.
“Qeyd olunub ki, peyvəndləmənin yüksək sürətlə aparılması üçün həm texniki imkanlar, həm də kifayət qədər peyvənd ehtiyatı var.
“Peyvəndlənmənin sürətinin artırılması üçün Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinə səyyar vaksinasiya briqadalarının sayının artırılması da daxil olmaqla konkret tapşırıqlar verildi.
Sonda Baş nazir Əli Əsədov vətəndaşlara müraciət edərək bildirib ki, peyvəndlənmə xəstəliyin qarşısını almaq üçün ən təsirli vasitədir. Pandemiyanın əvvəlindən nümayiş etdirdiyimiz həmrəyliyimizi peyvəndlənmə mərhələsində də davam etdirməyimiz vacibdir”.