Bayraqdar.info – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Kuzey Kıbrıs Türk Cümhuriyyətində səfərdədir. Səfər KKTC Cümhuriyyət Məclisi Başkanı Önder Sennaroğlunun dəvəti ilə baş tutub.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində KKTC Cümhurbaşqanı Ersin Tatar Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib. Qəbulda bir sıra məqamlara toxunan KKTC Cümhurbaşqanı “Bir millət – üç dövlətik. Hamımız türk soyundan gəlirik” deyib.
Nümayəndə heyətini həmçinin KKTC Cümhuriyyət Məclisi Başqanı Önder Sennaroğlu da qəbul edib.
Həmçinin Kıbrıs türk xalqının azadlıq mübarizəsinin lideri Dr.Fazıl Küçükün Anıttepedəki qəbrini ziyarət edən millət vəkilləri, Muratağa-Atlılar-Sandallar və Kapalı Maraş bölgəsinə gedib.
Azərbaycan heyətini ziyarətlər zamanı KKTC Cümhuriyyət Məclisi Hüquq, siyasi işlər və xarici əlaqələr komitəsi başqanı Yasemi Öztürk, həmçinin həmin komitənin üzvü, Ulusal Birlik Partiyasının baş katibi Oğuzhan Hasipoğlu müşayət edib.
İyulun 19-da isə Azərbaycan nümayəndə heyəti KKTC Cümhuriyyət Məclisində Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın çıxışını dinləyib.
Əlavə edək ki, Azərbaycan parlament heyətinin qardaş KKTC-yə bu səfəri 20 Temmuz Barış Hərəkatının 47-ci ildönümünə həsr edilmiş tədbirlərdə iştirakla bağlıdır.