Bayraqdar.info – Azərbaycanın iqamətgahı Mexiko şəhərində olmaqla Perudakı səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin Prezidenti Fransisko Sagastiyə təqdim edib.
Bu barədə bayraqdar.info-ya iyulun 18-də ölkəmizin Meksikadakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, videokonfrans formatında keçirilmiş mərasimdə M.Talıbov ilk olaraq Prezident F.Sagastiyə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Peru Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İ.Əliyevə çatdırmağı xahiş edib.
Prezident F.Sagasti rəhbərlik etdiyi hökumətin Peru ilə Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib. O, bu istiqamətdəki gələcək fəaliyyətində səfir M.Talıbova uğurlar arzu edib.
Mərasimdə Peru Xarici Əlaqələr naziri Allan Vagner Tison də iştirak edib.