Bayraqdar.info – “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin ilk həftəsi başa çatıb.
Bu barədə bayraqdar.info-ya iyulun 17-də “ASAN Xidmət”dən məlumat verilib.
Qeyd olunub ki, səhər idmanında uşaqlara Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən xatirə hədiyyələri təqdim edilib.
Uşaqlar “face art” tədbirində, o cümlədən musiqili əyləncə proqramında xoş vaxt keçiriblər.
Düşərgə müddətində tərəfdaş qurumlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.
İştirakçıların, həmçinin İctimai Radionun direktoru DJ Fateh ilə görüşü təşkil olunub.
Sonda birinci “YAŞAT” düşərgəsinin bağlanış mərasimi təşkil olunub. Mərasimdə iştirakçılara sertifikatlar təqdim edilib.
Xatırladaq ki, ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcək.
Düşərgənin media dəstəkçiləri Az.TV, İTV və ASAN Radiodur.