2022-ci ildə Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin 3 ili tamam olur, sədr qismində səlahiyyət müddəti bitir. Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycana müraciət edərək əlavə 1 il də sədrlik etməsini istəyiblər. Azərbaycan da müraciətə müsbət cavab verib. Yəni sədr qismində səlahiyyət müddəti 2023-cü ilə qədər uzadılır.
Qoşulmama Hərəkatı öz tərkibində 120 dövləti birləşdirir. Nüfuzuna, səlahiyyətinə görə BMT-dən sonra ikinci ən böyük qlobal təsisatdır. Azərbaycan QH-yə üzv olduqdan qısa müddət sonra burada ciddi etimad qazanıb, sədrlik statusu əldə edib. İndi isə sədrlik müddətinin daha bir il uzadılması təklifini alıb. Bu etimadın səbəbi nədir?
Azərbaycanın QH-də sədrliyi mürəkkəb dövrə təsadüf edib. Bu dönəmdə dünya COVID-19 pandemiyası kimi gözlənilməz bəla ilə üzləşib, mücadilə aparıb. Azərbaycanın uğurlu təklifləri sayəsində Hərəkat pandemiyaya qarşı mübarizədə əhəmiyyətli rol oynayıb. Bu isə onun beynəlxalq nüfuzunu artırıb, qlobal proseslərə təsir imkanlarını genişləndirib.
Məsələn, 2020-ci ilin may ayında Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə görüşü keçirilib. Toplantıya 40-a yaxın ölkənin dövlət və hökumət başçısı, xarici işlər nazirləri, o cümlədən, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru da qatılıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən Zirvə toplantısında Avropa İttifaqının rəsmisi də iştirak edib.
Avropa İttifaqı rəsmisinin QH Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisə idi. Bu baxımdan həmin iştirakçılıq İlham Əliyevə olan inamın, etibarın göstəricisi kimi qəbul edilmişdi. Fəxrlə qeyd edə bilərik ki daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını məhz Azərbaycan Prezidenti bir araya gətirməyə müvəffəq olmuşdu.
Azərbaycan öz təşəbbüsləri, praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, mürəkkəb şəraitdə dövlətlər arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verib. Bunun fonunda isə öz manevrləri ilə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrilməsinə nail olub.
QH Zirvə görüşü “COVID-19-a qarşı birlikdəyik” devizi ilə keçirilmişdi. Həmin toplantıda Azərbaycan qlobal həmrəyliyin nümunəsi kimi BMT Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Təklif belə əsaslandırılmışdı ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də beynəlxalq təşkilatlar adekvat reaksiya göstərə bilmirlər.
Qlobal həmrəyliyə ehtiyac duyulan bir şəraitdə “özünəqapanma sindromu” heç kəsə xeyir gətirmir. COVID-19 pandemiyasına qarşı uğurlu mübarizə üçün dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirilməlidir.
Beləliklə, Prezident İlham Əliyev pandemiyaya qalib gəlmək üçün qlobal əməkdaşlıq və həmrəylik ideyasını irəli sürdü və gerçəkləşdirdi. Təsadüfi deyil ki, BMT-nin Baş katibi Zirvə görüşündə səsləndirdiyi video müraciətində COVID-19-a qarşı mübarizədə ən yaxşı vasitənin cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirmişdi. Eyni zamanda, o, Azərbaycan Prezidentinə belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirmişdi, İlham Əliyevin səylərinin BMT tərəfindən dəstəklədiyini xüsusilə vurğulamışdı.
Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Prezident İlham Əliyevin COVID-19 ilə mübarizə sahəsində irəli sürdüyü təşəbbüslər, məsələn, BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi, BMT İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölgüsünə dair qətnamənin qəbul edilməsi qlobal aləmdə böyük rəğbətlə qarşılanır. Bütün bunlar öz növbəsində Qoşulmama Hərəkatının imicinin möhkəmlənməsinə böyük töhfələr verir.
QH-nin sədri qismində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmiş digər təşəbbüslər də var. 3-4 dekabr 2020-ci il tarixlərində baş tutmuş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə xüsusi sessiyası, eləcə də BMT-nin İnsan Hüquqları Şurası tərəfindən 22 mart 2021-ci il tarixində qəbul edilmiş pandemiyaya qarşı peyvəndlərin ədalətli və bərabər bölüşdürülməsinə dair qətnamə də bu sıradandır.
Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunmuşdu.
Azərbaycan, həmçinin, əlahiddə olaraq koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermiş, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmış, bu vəsaitin 5 milyon dollarını koronovirusdan ən çox zərər çəkən Qoşulmama Hərəkatı üzvlərinə yönləndirmişdi.
Bu davranışları ilə Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatının sədri olaraq üzv ölkələrin maraqlarının müdafiəsi üçün zəruri addımlar ata bilir.